TƏBİB-in balansında olan müəssisələrin bir gündə 4 tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, onlardan ikisi Bakıya, digər ikisi isə əyalətlərə aid olub.
Belə ki, ləğv olunan tenderlərdən ikisi Bakı Baş Səhiyyə Mərkəzinə aid olub. Tibb müəssisələrində cari təmir işlərinin satınalınması prosesini həyata keçirmək istəyən Mərkəz, bunun üçün 822.229,90 manat vəsait də ayırıbmış. Lakin AİİBNX tenderin nəticələrində qanun pozuntusu müəyyən etdiyi üçün, onu ləğv edib.
İkinci müsabiqə isə Mərkəzin strukturuna daxil olan tibb müəssisələri üçün elektrotexniki avadanlıqların satınalınmasını ehtiva edib. 796.400,29 manatlıq layihənin reallaşmamasının səbəbi konkret bəlli deyil. Nəzarətedici orqan bununla bağlı qərar versə də, barəsində heç bir şey açıqlamayıb.
Ləğv olunan tenderlərdən bir digəri Zaqatala Mərkəzi Xəstəxanasın keçirdiyi müsabiqədir. Tribunainfo.az xəbər verir ki, burada söhbət mühafizə xidmətlərinin satınalınmasından gedir. Dəyəri 93.998,80 manat olan tenderin baş tutmamasına səbəb prosesə qatılan şirkətlərin sayının 3-dən az olması göstərilir.
Kürdəmir Mərkəzi Xəstəxanası isə katirovka sorğusunu reallaşdıra bilməyib. Yanğın siqnalizasiya sisteminin servisinin aparılması, daxili yanğın söndürmə kranının ehtiyyat hissələrinin alınması və yanğınsöndürən balonların doldurulmasının satınalınmasını reallaşdırmaq istəyən xəstəxana rəhbərliyi 6.531,30 manatlıq sorğuya müsbət cavab ala bilməyib.