TEATRA GETMƏK SAĞLAMLIQ ÜÇÜN FAYDALIDIR

TEATRA GETMƏK SAĞLAMLIQ ÜÇÜN FAYDALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir  insanın həyatında olduqca çox stresli vəziyyətlər, məyusluqlar və mənfiliklər var. Buna görə də, həyatınızı, teatra getməyin verdiyi müsbət emosiyalarla doldurmağa çalışmaq lazımdır.
Teatr insana böyük müsbət enerji yükü, canlı təəssüratlar, gözəlliyə, səmavi bir şeyə toxunma anı bəxş edən bir sənət növüdür. Onun insana təsiri antidepressant  dərmanlara bənzəyir, amma onlardan fərqli olaraq  teatr  psixi sağlamlıq, dolayısı ilə fiziki sağlamlıq  üçün zərərsiz, üstəlik faydalıdır. Teatrda aktyorlarla canlı ünsiyyət olur və onlar  tamaşaçılarla təmasda öz emosiyalarını verirlər. Tamaşaya gələnlər isə istər-istəməz gündəlik problemləri unudurlar, tamaşa dünyasına qərq olurlar və artıq səhnədə baş verən reallıqda yaşayırlar. Eyni zamanda, teatrın afişası sizə mövzu və ruh baxımından ən yaxın tamaşaları özünüzün seçməsinə imkan verir.

Psixoloqların rəyi

Teatra müntəzəm getmək müsbət mənada həyatda güclü təkana səbəb ola bilər və sizi uzun müddət depressiyadan xilas edə bilər. Bütün bunlar kimyəvi səviyyədə baş verir. Müsbət emosiyalar qəbul edərkən bədən yaxşı əhval-ruhiyyə maddəsi olan serotonin istehsal edir. Əgər insanın bədənində bu maddə çatışmırsa, o, kefsiz olur, əsəbiləşir və sonra depressiyaya düşür.
Tibbi nöqteyi-nəzərdən adətən bu simptomlar üçün narahatlıq və depressiyanı aradan qaldıran həblər qəbul edilir. Bu həblər əlavə serotonin istehsal etmək məqsədi daşıyır. Amma bu cür dərmanlar insanda asılılıq yaratdığı üçün onların istifadəsi yaxşı deyil deyə biz alternativ axtarmalıyıq. Teatr da məhz belə münasib alternativdir.

Kimyəvi dərmanlardan fərqli olaraq teatr pis əks  effektlərə səbəb olmur. Teatrı daimi ziyarət etmək  insana bir dəniz müsbət emosiyalar verir. Bu, özünüz üçün yeni bir şey öyrənmək, özünüzü insanlarla əhatə etmək, gözəl paltar geyinmək və unikal hiss etmək fürsətidir. Teatr insanda xoş əhvali-ruhiyyə yaratdığından bu istər-istəməz  bütün orqanizmin fəaliyyətinə müsbət təsir edir.

Bu baxımdan mənim fikrimcə həkimlər bəzi xəstələrə reseptdən savayı piyada gəzmək kimi, hətta  teatra getməyi  də məsləhət görə bilərlər. Teatra getmək intizarı da insana sevincli bir həyəcan vəziyyəti verir. Tamaşaçı planlar qurur, qarşıdan gələn tamaşa haqqında fikirləşir, hətta tamaşanın ona hansı emosiyalar bəxş edəcəyini təsəvvür edir, düşünür ki, tamaşanı bəyənəcək, yoxsa yox. Hər bir teatrın repertuarı çox diqqətlə seçildiyindən, təsadüfi tamaşalar olmadığından teatr tamaşaları insanları çox şey haqqında düşündürür. Tamaşada qaldırılan suallar üzərində düşünmək insanı öz həyatının mənfi təcrübəsindən yayındırır, gündəlik qayğıları yaddan çıxarır.

Müasir dövrdə teatr

Müasir dövrdə teatr tamaşalarına getmək getdikcə populyarlaşır. Əyləncə sənayesinin, sosial şəbəkələrin inkişafına baxmayaraq, insanlar canlı sənətə marağını itirmir. İnsan teatra gəlir ki, aktyorların necə oynadığını, rollara necə öyrəşdiyini, obrazlarının həyatını öz gözləri ilə görsün. Axı aktyorların canlı ifasının verdiyi enerjini heç bir kino verə bilməz. Teatrda hər şey canlıdır, hər şey ilk dəfədir. Hər tamaşa premyera kimidir, çünki eyni şəkildə iki dəfə çıxış etmək mümkün deyil və teatrın gözəlliyi də budur. Teatr tamaşaları klassiklərin toxunuşudur, çünki əksər teatrların repertuarlarında tamaşalarda çoxlu sayda klassik əsərlər var. Bu, yeni bir şey öyrənmək və ya artıq oxuduqlarınızı xatırlamaq, özünüzü təkmilləşdirmək və mədəni inkişaf etdirmək üçün bir fürsətdir ki,bu fürsətdən itifadə etməyə çalışın.

 İmran Kərimli

Tribunainfo.az