ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri dünyanı həyəcanlandırıb. Səfər 25 ildir ki, ABŞ-ın regionda ən yüksək səviyyəli təması olub, Çin isə buna çox kəskin reaksiya verib.
Bəs bu səfəri edən Nensi Pelosi kimdir?
AZXEBER.COM xarici mediada yer alan məlumatlara əsasən dünyanın diqqətində olan Nensi Pelosi haqqında məlumatları təqdim edir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana getdi. Dünən canlı yayımda Çinin tanımadığı bu bölgəyə gedən Pelosinin təyyarəsinin səyahətini 300 mindən çox insan izlədiyi üçün Flight Radar adlı internet saytı da çöküb. Pelosinin təyyarəsi müasir dövrün ən çox izlənən təyyarəsi olub.
82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri “Covid-19”-a yoluxması səbəbilə ləğv edilmişdi. Pelosi son 25 ildə oraya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri oldu.
Tarixi səbəblərə görə Çin Tayvanı öz ərazisi hesab edir və oradakı hökuməti tanımır. Amma dünyada 59 ölkə Tayvanı tanıyır və bir çoxunun diplomatik əlaqələri var.
Bəs yaşı 80-dən yuxarı olan bu siyasətçi niyə indi belə bir addım atmağa ehtiyac duydu?
“Biz Çin Kommunist Partiyasının Tayvana və demokratiyaya təhdidlərinə dözə bilmərik”. “Washington Post” qəzetindəki xəbərdə bu sözləri Pelosinin səfəri ilə bağlı qeyd etdiyi deyilir.
Pelosi fikirlərini bu cür davam etdirib: “Rusiya Ukraynaya qarşı bu qeyri-qanuni müharibə apararkən minlərlə günahsız insanı, hətta uşaqları qətlə yetirir, başa düşmək lazımdır ki, ABŞ və müttəfiqləri avtokratlara təslim olmayacaqlar”.
Pelosi Çinə qarşı sərt mövqeyi ilə tanınan bir siyasətçidir. O, 1991-ci ildə Tiananmen meydanına gedib və orada olarkən polis tərəfindən dindirilmişdi. Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən ilk qadındır. Çətin vaxtlarda ikipartiyalı parlamenti birləşdirə bilmək gücü və Donald Tramp rejiminə kəskin müxalifəti onu son illərdə daha çox tanıdıb.
Pelosi 2001-ci ildə Demokratlar Partiyasının Qrup sədrinin müavini olub. O, 2003-cü ildə ABŞ-ın 11 Sentyabr hadisəsindən sonra o dövr üçün çox cəsarətli bir mövqe olan İraqı işğalına qarşı çıxan siyasətçilərdən biri idi.
Pelosi ilə Trampın fikir ayrılığı olduğu heç kimə sirr deyil. Prezident Tramp 2018-ci ildə Konqresə ümummilli müraciətlə çıxış edərkən, Pelosi kameralar qarşısında prezidentin çıxışı olan kağızları cırıb. Daha sonra bu davranışına görə üzr istəməyib və kağızda yazılanları “yalanların manifestosu” kimi qələmə verib.