Bu ilin avqust ayında Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qızıl medalçısı, azərbaycanlı atlet Ramil Quliyev “Report”un Türkiyə bürosuna müsahibə verib.
Bu ilin avqust ayında Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qızıl medalçısı, azərbaycanlı atlet Ramil Quliyev “Report”un Türkiyə bürosuna müsahibə verib.
TIA.AZ həmin müsahibəni təqdim edir.
– Qələbənlə nəinki Türkiyə və Azərbaycanın, eləcə də türk dünyasının fəxrinə çevrildin. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan səni təbrik etdilər…
– Açığı, çempionata çox hazırlaşmışdıq. Biz yarışa getməzdən əvvəl bilirdik ki, ölkəyə medalla dönəcəyik, ancaq onun rəngini bilmirdik. Sarı rəngdə bir medalla ölkəyə qayıtdıq, çox xoşbəxtəm. Qələbədən sonra o qədər həyəcanlı idim ki, on gün özümə gələ bilmədim. Mənə dəstək olan, təbrik edən və uğuruma sevinən hər kəsə çox təşəkkür edirəm. Bəli, iki ölkə lideri məni təbrik etdi. Açığı, mən gözləmirdim ki, onlar mənə zəng edəcəklər. Çox şad oldum. Yarışdan 20-30 dəqiqə sonra prezident Rəcəb Tayyib Ərdoğan mənə zəng etdi. Bir gün sonra isə Prezident İlham Əliyev mənimlə danışdı, hər ikisi gözəl sözlər dedi, məni təbrik etdilər. Bu təbriklər qələbəmin nəticəsi üçün mənə verilən ən böyük mükafatlar idi.
– Azərbaycan və Türkiyənin bayraqları ilə qələbə sevincini yaşamaq necə hiss idi?
– Mən azərbaycanlıyam və Bakıdan gəlmişəm. Bunu heç vaxt unutmaram. Ən böyük hədəfim bu idi ki, belə mötəbər bir yarışda qələbə qazanım və hər iki ölkənin bayraqları ilə stadionda dövrə vurum. Bunu ilk dəfə Bakıda İslam Həmrəyliyi Oyunlarında etdim. İkinci şansım isə dünya cempionatında oldu. Qalib olasan, vətənin olan hər iki dövlətin bayrağını sarılaraq dünyanın qarşısına çıxasan. Həqiqətən də əvəzolunmaz hisslərdir.
– Türkiyəyə nə vaxt gəldin? Burada başqa hansı uğurların olub?
– 2010-cu ildə Türkiyəyə gəldim və 2014-cü ildən Türkiyə adına yarışlara qatılıram. 2015-ci ildə Türkiyədə keçirilən dünya çempionatında finala yüksəldim və 2016-ci ildə 200 metrlik yarışlarda Avropada ikinci yeri qazandım. Dünya cempionatındakı bu qələbəm isə hələlik mənim üçün ən böyük qələbədir.
– Oktyabrın 14-də Avropa Atletika Federasiyası tərəfindən qitənin ən yaxşı atleti seçilə bilərsən. Üç namizəd arasında şanslarını necə dəyərləndirirsən?
– Nəticələr bu gün məlum olacaq. Ancaq indi mediadan gələn nəticələrə görə, bildiyim qədəriylə 25 faiz göstərici olmalıdır. Bundan başqa, həmçinin qurumun içərisində münsiflərin qiymətləndirməsi olacaq. Açığı, biz də nəticələri gözləyirik. İnşallah, yaxşı olar.
– Səni sosial şəbəkələrdə də yaxından izləyirik. Qələbəndən sonra oradan sənin uğurunu paylaşan milyonlar vardı…
– Bəli, çox təbriklər aldım və bu məni olduqca çox sevindirdi. Yarışdan bir gün sonra baxdım ki, mənə 9 min mesaj gəlib. Hər kəs təbrik edirdi. Mən özümü heç bir zaman olmadığım qədər xoşbəxt hiss etdim ki, bu qədər insanı sevindirmişəm. Bundan başqa, atletizmlə bağlı da ciddi təbliğat apardığımı düşünürəm. Ümid edirəm ki, bundan sonra da bu idmana daha çox maraq oyanacaq. Gənclər, yeniyetmələr yaxşı atlet olmaq üçün rəqabət aparacaqlar, qələbə üçün mücadilə edəcəklər. Fikrimcə, idman insanı tərbiyə edir, idmansız həyat olmaz. Bunu həyatımızın bir parçası halına gətirməliyik və əhəmiyyətli yerə qoymalıyıq.
– Bakıda keçirlən İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atmışdın. Sanki o qələbələr səni daha da həvəsləndirdi.
– İslam Oyunları Bakıda peşəkar səviyyədə təşkil olunmuşdu. Bu cür yarışların keçirilməsində Azərbaycanın böyük təcrübəsi var. Bəli, mən Azərbaycandan üç medalla İstanbula qayıtdım. 100, 200 və 4×100 metrə qaçışda. Bu qələbələrdə həmvətənlərim məni alqışlarla təbrik edirdilər.
– Dünya çempionu olduqdan sonra Azərbaycana qayıtmaqla bağlı və ya digər ölkələrdən təkliflər almısanmı?
– Yox, belə bir təklif almadım. Çünki mən artıq Türkiyə üçün çalışıram. Azərbaycandan Türkiyəyə gəldiyim zaman bir çox ölkələrdən təkliflər vardı. Ancaq mən Türkiyəni seçdim, bura gəlməyə qərar verdim. Çünki Azərbaycan Türkiyəyə çox bənzəyir, mədəniyyəti, hər şeyi çox yaxındır. Bir millətik. Mənə bura çox yaxın oldu. Avropaya və ya başqa bir ölkəyə getmək istəmədim. Həm də ona görə ki, bir qədər evimə, ailəmə də yaxın olmaq istəyirdim. Bu qərarımı düzgün hesab edirəm. Özümü burada eyni bir ölkənin başqa bir şəhərinə gəlmiş kimi hiss edirəm.
– Useyn Boltun karyerasını başa vurduğunu nəzərə alsaq, sizin üçün dünya çempionu titulunu qoruyub saxlamağın daha real olduğunu düşünmək olarmı?
– Bəli, haqlısınız. Mənim üzərimə böyük məsuliyyət düşür. Düşünürəm ki, durmadan çalışmaq lazımdır. Bir zədələnmə olmasa, mən bundan sonra da əlimdən gələni edəcəyəm. İnşallah, daha da yaxşı nəticələri əldə edəcəyəm.
– Qarşıdakı hədəflərin nədir və daha hansı yarışlara qatılmaq niyyətindəsən?
– Gələn il Berlində Avropa çempionatı keçiriləcək. İndi həmin yarışa hazırlıqlar gedir. Çünki ən yaxın tarixdə planda bu yarışmaya qatılmaq var. Ən böyük hədəfim isə 2020-ci ildə Tokiodan yüksək əyarlı medalla ölkəyə qayıtmaqdır.