Tarixçi alim “Qarabağ”a azarkeşlikdən imtina etdi – Səbəb

Tarixçi alim “Qarabağ”a azarkeşlikdən imtina etdi – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” FK-nın əfsanəsi Qurban Qurbanov müsahibəsində bu günə qədər Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etmədiyini deyib.

Qurban müəllim, siz bizim fəxrimisiniz. Bu gün futbolumuzu dünyaya məhz sizin məşqçi kimi peşəkar olmağınız sayəsində tanınırıq.

Lakin Qurban müəllim, Ağdam səfəri zamanı istənilən sıx qrafik Milli Qəhrəman, “Qarabağ” futbol klubunun oyunçusu, məşqçisi olmuş Allahverdi Bağırovu ziyarət etməkdən daha önəmli deyil.

Ağdam Şəhidlər xiyabanında nəinki Allahverdi Bağırov, eyni zamanda Canbulaq Rzayev və digər milli qəhrəmanlar dəfn edilib.

Ağdamın hər qarışını gəzən, hətta Şuşada, Füzulidə, Xankəndidə tədbirlərə qatılan klubun, komandanın Ağdam Şəhidlər xiyabanına baş çəkməyi təşkilatçılardan tələb etməməsi bizi üzür.

Komandanızın oyunçusu, bizim sevdiyimiz Toral Bayramov bu günə qədər Şəhidlər xiyabanını və Allahverdi Bağırovu ziyarət edib. Bəs Qurban müəllim, biz ağdamlıların fəxri, klubun yaradıcılarından biri olan Allahverdi Bağırovu ziyarət etməməyinizi necə başa düşək?

Unutmayın, Qurban müəllim!

“Qarabağ” futbol klubunun bugünkü qələbələrində onun da zəhməti var. Allahverdi Bağırov bu klubu yaşadan, onu irəliyə aparan şəxslərdən biri olub.

Unutmayın, Qurban müəllim!

Ağdamda hər şeyini atıb, o cümlədən futbolu kənara qoyub silaha sarılan Allahverdi Bağırov özünümüdafiə batalyonunun yaradılmasında iştirak etdi, sonra ona komandirlik etdi, Xocalıda əsir və girov götürülmüş yüzlərlə soydaşımızı ermənilərin əlindən qurtardı. Yüzlərlə faktlar var Allahverdi əmim barədə. Onun Vətən uğrunda, torpaq uğrunda mübarizəsi barədə yüzlərlə, minlərlə, milyonlarla insan məlumatlıdır.

Amma sizin bu etdiyiniz yay-qış bilmədən, stadionlarda “Qarabağ”, “Qurban Qurbanov” qışqıran Qarabağ, Ağdam camaatına hörmətsizlik, şəhid və milli qəhrəmana olan diqqətsizlikdir.

Qurban müəllim, Ağdam camaatına, milli qəhrəman, şəhid ruhlarına olan bu münasibətinizə görə sizi qınayıram!

Bu, bizim sizə olan sevgi və inamımız və sizin bizim Ağdam camaatına olan münasibətiniz…

Heç bir məzhəb və qrafik Allahverdi Bağırovdan və Vətən uğrunda şəhid olanlardan üstün deyil ki, oranı ziyarət etməməyinizə səbəb yaratsın. Sizin məzhəb qəbirüstünü ziyarət etməməyi desə də, bütün dinlərdə Vətən və qəhrəmanları ziyarət etmək imandandır.

Mən bugündən bir ağdamlı olaraq “Qarabağ” klubuna azarkeşliyimi dayandırıram. Allahverdi Bağırova olan səhvinizi düzəltməyənə qədər heç bir oyununuza baxmayacam, heç bir yerdə nə sizin, nə də komandanın adını çəkməyəcəm.

axar.az