4 min il öncə Şumerlər ağrılarını azaltmaq üçün söyüd qabıqlarını çeynəyirlərmiş. Sonra ağacın qabığını qoparıb qaynatdılar, və bu məlhəm onların bədənlərindəki qızdırmanı salmağa kömək edirdi. Çox yəqin ki, şumerlər bu məlhəmin gələcəkdə tibbin istiqamətini dəyişəcəyini və bir çox xəstəliklərə dəva olacağını bilmirdilər. Çünki Şumerlərin kəşf etdiyi bu bitki günümüzdə populyar olan aspirinin təməli idi. Söyüd qabığı, keçi saqqalı bitkisinin çiçəklərində və kəklik üzümü yağında bol miqdarda salisil turşusu vardır.
Miladdan öncə 400-cü ildə müasir tibbin banisi Hipokrat bədəndə olan ağrıları azaltmaq üçün xəstələrinə söyüd ağacının yarpaqlarını dəmləyib içməsini tövsiyyə edirdi. Getdikcə bundan sıx istifadə edən Hipokrat sonralar artıq reseptlərində də yazmağa başladı. Bu maddənin haqqında tam araşdırma 2000 min il sonra baş verdi.
1763-cü ildə keşiş Edvard Stoun 5 il apardığı təcrübələrdən sonra qızdırma titrəməsinin söyüd qabığının tinkturası ilə müalicə barədə Londonun Kral cəmiyyətində məruzə edir. 1838-ci ildə isə söyüd qabığının fəal komponenti salisil turşusu olduğu öz təsdiqini tapdı. Bir qədər sonra İtaliya kimyaçısı Rafael Piria söyüd qabığından salisil turşusunu ayırıb, bu maddənin kimyəvi tərkibini müəyyən edərək onu müvəffəqiyyətlə sintez edib. Alınan maddəyə salisil turşusu adı verilib. Lakin o zaman salisil turşusu dərman kimi praktiki tətbiqini tapa bilməmişdi.
1853-cü ildə ilk dəfə asetilsalisil turşusunu fransız kimyaçısı Ş.Jerar sintez eləmişdir (Большая Россискоя Энциклопедия, стр 369). Marburq Universitetinin kimyaçı alimi Hermann Kolbe 1859-cu ildə isə salisil turşusunun kimyəvi strukturunu öyrənmiş və 1874-cü ildə Drezden şəhərində fabrikdə bunun istehsalına başlamışdır (https://ru.wikipedia.org/wiki).
Bayer firmasının laboratoriyasında çalışan kimyaçı Feliks Hoffman 10 avqust 1897-ci ildə təmiz kimyəvi asetilsalisil turşusu olaraq istehsal etməyə başladı. Və bununla Aspirin (ASS) kəşf olundu. 11 gün sonra eyni üsulla asitil diasitilmorfin və yaxud diamorfin birləşdirib Heroini kəşf etdi. Beləliklə Feliks Hoffman həm heroini, həm də aspirini kəşf edən alim kimi adını tibb tarixinə yazdırdı. O, illərdə quru öskürək və vərəmin müalicəsində istifadə olunan heroin sonralar daha da geniş istifadə olunmağa başlandı. Ikinci dünya müharibəsində ağır yaralılara ağrıkəsici kimi istifadə edilirdi.
Amma bu gün bəşəriyyətin bəlası olan heroin heçdə ümüdləri doğrultmadı. Insanlarda asılılıq yaratdığı üçün 1930-cu ildə heroinin adı dərmanlar siyahısından çıxarıldı. Dünyanın ilk kimyəvi tərkibli dərmanı olan aspirin 1897-ci ildə kəşf olunduqdan sonra, 1899-cu il martın 6-da rəsmi olaraq Aspirin adlandırıldı. Bu ad iki hissədən ibarətdir: “a” aspirin “spire” isə adı latıncadan tərcümə edilən topulqa (söyüd qabığı və yarpaqlarından alınan qarışım). Aspirin Bayer firması tərəfindən satılmaqla kifayətlənməyib həm də firmanın markası oldu.
Bu dərman getdikcə məhşurlaşmağa başladı. Sadəcə ağrıkəsicilərdə deyil, bir çox xəstəliyin müalicəsində məsələn oynaq iltihabı, qan-damar sistemində qanı durulaşdırmaq üçün və s xəstəliklərdə istifadə olunsada aspirinin insan bədəninə olan təsirləri hələdə gizli olaraq qalırdı. Buna görə də 1960-1970-ci illərdə isveç və ingilis alimləri John Robert Vane, S.K.Bergström və Bengt İ.Samuelsson ilə birlikdə etdikləri təcrübələrində yağ turşuları olan müxtəlif bialoji təsirlərə malik prostaglandini kəşf etdilər. Bu kəşf alimlərə 1982-ci ildə Nobel mükafatını qazandırdı.
Aspirinin hekayəsi burada bitmir, əslində hər şey bundan sonra başlayır. Çünki, aspirin məhşurlaşıb, istifadəsi çoxaldıqca risklər artmağa başlayır. Aspirindən çox istifadə beyində və bağırsaqda qanaxmaya səbəb ola bilərdi. Bundan əlavə reya sindromunuda qıcıqlandırırdı. Reya sindromu uşaqlarda qaraciyəri zədələyən nadir ölümcül bir xəstəlikdir.
Bu səbəblə aspirin bir müddət populyarlığını itirməyə başladı. Onun yerini daha az təsirlərə malik ağrıkəsici kimi asetaminophen, ibupro-fen-lə əvəz edildi.
Bu gün alimləri araşdırmalarında qan durulaşdırma xüsusiyyətinə malik olan aspirinin infarkt riskini 30/100 azaltdığı qənaətinə gəldilər. Alimlərə görə aspirin içən insanlarda alzaymer və katarakta xəstəlikləri nadir hallarda rast gəlinir. Hətta İngiltərədə Onkoloji Təcrübələr institutu (Cancer Rescarch UK) dəri, süd vəzi, bağırsaq xərçəngi, hüceyrələrində prostaglandin E2 adlı, kimyəvi maddənin inkişafını aşkar etdilər. Buna görə də prostaglandinin prosesini ləngidən Aspirin (ASS), xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində tətbiq edilməsinə dair fikirləri gündəmə gətirdi.
Beləliklə bir söyüd qabığı ilə başlayan aspirin bu gün təxminən 50-yə yaxın xəstəliyin dərdinə dərmandır. Hekayəsi 4000 min əvvəl başlayan 121 il əvvəl ilk kimyəvi dərman kimi kəşf olunan və bu gün dünyada 100 milyon satılan, hələ də sirləri tam açılmayan aspirinlə bağlı təcrübələr davam eləməkdədir. Bayer firmasının markası olan aspirin, bu təcrübələri dəstəkləmək üçün Beynəlxalq Aspirin (ASS) Mükafatı verir. Ona görə hər il aspirinlə bağlı 200 təcrübə, 12 min hesabat hazırlanır.
Hazırladı: NKPİ-nin əməkdaşı, elmi işçi Aynur Bağırova