Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə, hədə-qorxu ilə tələb etmə və oğurluqda təqsirləndirilən Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamov 2022-ci il tarixdə Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən yaşadıqları evin həyətindəki tikiliyə zərərçəkmiş E.Kərimovun daxil olduğunu görüblər. Onlar həmin şəxsin orada narkotik vasitəni saxlanılmasını ehtimal edərək zərərçəkmiş şəxsi yaxalayıblar. Sonra E.Kərimovun əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb ediblər, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıblar. Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub. Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlislamov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, qardaşına isə şərti cəza verilib