Tanınmışların “Qarabağ”-“Çelsi” oyunu barədə proqnozları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” futbol klubumuz bu gün növbəti tarixi oyununa çıxacaq.
 

“Qarabağ” futbol klubumuz bu gün növbəti tarixi oyununa çıxacaq. Çempionlar Liqasındakı rəqibimiz əvvəlkilərdən qat-qat güclü olan İngiltərə nəhəngi “Çelsi” klubudur. Bu klub haqqında əlavə nəsə deməyə ehtiyac yoxdur, həm büdcəsi, həm də oyunçularının qiyməti ilə “Çelsi” “Qarabağ”la müqayisəyə belə gəlmir. Hər şey futbolçularımızın fədəkarlığından asılıdır.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyun yaxınlaşdıqca həyəcan pik nöqtəyə çatır. Oyunla bağlı ən müxtəlif proqnozlar var. Qalibiyyətə inam az olsa da, heç-heçədən danışanlar da, “Qarabağ”ın rəqib meydanında qolunu görənlər də, böyük hesablı məğlubiyyətin olmayacağını deyənlər də var.

Tanınmışların “Qarabağ”-“Çelsi” oyunu ilə bağlı proqnozlarını aldıq.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, nəticədən daha çox baxımlı oyun əsasdır: “Mənim üçün əsas oyunun maraqlı, sürətli, qarışıqlı hücumlarla keçməsi önəmlidir. Düşünərəm ki, futbolun əsas hədəflərindən biri də baxımlı olmasıdır. Ümid edirəm ki, hesabdan asılı olmayaraq, Qarabağ adına layiq mübarizə aparacaq və bizləri sevindirəcək. Hesab barədə proqnoza gəlincə isə, bir deyimlə fikrimi belə bildirərdim ” Meydança düzdür, topsa dairəvi”. Yəni istənilən hesaba və nəticəyə hazır olmaq lazımdır. İstənilən halda Qarabağımıza uğur arzulayıram. Xalqımızın onlara olan ümidlərini doğrultmalarını diləyirəm, Allah yardımçıları olsun”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal “Qarabağ”a güvənir: “Mən futboldan çox da anlamıram. Amma qələbə hissi mənə çox doğma və yaxın hisdir. Məncə futbol bu hissi insanlara yaşatdığı üçün sevilir. Bu idman növü nə qədər ayaq və ağıl, çeviklik və fəndlik oyunu olsa da, düşünürəm ki, bu həm də ruhsal bir hadisədir. “Qarabağ”ın bundan öncəki qələbəsinin təsadüf olmadığı qənaətindəyəm. Bu qələbənin məhz “Qarabağ” futbol komandası tərəfindən qazanılması da ruhsal və tanrısal məsələdir. “Qarabağ” o oyunla azərbaycanlıların şərəfini ucaltdı. İndi necə olacaq, sevimli komanda hansı nəticəni göstərəcək, bu təbii ki, hamımız üçün mühümdür. “Qarabağ” komandasına qələbə arzulayıram və inanıram ki, belə də olacaq. Hər kəsin inanmasını arzu edirəm. İnam qələbənin yarısıdır. Yenə deyirəm, futbol ayaqla oynansa da, həm də qəlb oyunudur. Mən oyunçularımızın qəlbinin gücünə, Qarabağ sevgisinə, bayrağımıza olan sayğısına güvənirəm”.

VİP sədri Əli Əliyev bunları dedi: “Təbii ki, “Çelsi” büdcəsi, müvafiq olaraq, heyəti və digər göstəriciləri ilə üstün komandadır. Ümumiyyətlə, Çempionlar Liqasının qrup turniri ən yüksək reytinqli klub çempionatıdır. Abramoviç bukmeker kontorunda manipulyasiya istəsə, heç-heçəyə ümid edə bilərik. Əks halda qələbə şansımızı görmürəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesabın 2-2 olacağını proqnozlaşdırır.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy “Çelsi” ilə qarşılaşmağın özünün böyük futbol hadisəsi olduğunu qeyd etdi: “Əslində 25 yaşlı “Qarabağ” klubunun 112 illik böyük futbol təcrübəsi olan ingilis klubu ilə baş-başa gəlməsinin özü böyük futbol hadisəsidir. Bu mənada Azərbaycanın hər bir futbol azarkeşini təbrik edirəm. Şəhəri işğal altında olan futbol klubunun Avropada qazandığı uğurlar, Çempionlar Liqasına vəsiqə qazanması təkcə Qurban Qurbanovun, təkcə “Qarabağ”ın deyil, bütün azərbaycanlıların fəxarət hissi keçirdiyi olaydır. Bu, həm də futbolçularımızın Azərbaycanın Qarabağ, Vətən savaşında apardığı haqq davasına verdikləri böyük töhfədir. Dünya qarabağlı futbolçularımızın sayəsində bir daha Qarabağ həqiqətlərinə diqqət yetirdi, aparıcı media bu barədə yazdı, Ağdamda törədilən vəhşiliklərə diqqət yetirildi, erməni vandalizmi lənətləndi. Bu mənada bugünkü oyunun hesabının necə olmasından asılı olmayaraq, bizim komanda qalibdir, öncədən təbrikə layiqdir. Ancaq nədənsə ürəyimdən çox keçir ki, hesab 1-1 hesabı ilə yekunlaşsın. Amma gözlənilməzliklər də olur. Bir çox hallarda yeni komandalarla oynamaq elə də asan olmur. İnanıram ki, komandamız Qarabağ uğrunda döyüşə atılıblarmış kimi uğurlu debüt edəcəklər. Hətta qətiyyətli oynasa, “Qarabağ” atları “Çelsi”nin şirlərini əzib keçə də bilər. Düzdür, bu ehtimalı fantastika da saymaq mümkündür. Amma “Qarabağ” klubu qısa müddətdə, kiçik imkanlar hesabına, əzmkarlığı və dirənişi sayəsində dünya nəhəngləri ilə bir sıraya adlamaqla tarix yazmağı bacardısa, növbəti böyük uğurlar da istisna deyil. İstənilən halda “Qarabağ”ımıza uğurlar arzulayıram”.

Komanda.az-ın redaktoru Natiq Muxtarlı bildirdi ki, oyunun nəticəsinə köklənmək düzgün deyil: “Azərbaycan ictimaiyyəti “Çelsi” – “Qarabağ” oyununda bizə sərf edən nəticəyə köklənməməlidir. Bununla həm “Qarabağ”ı, həm də özümüzü təzyiq altına salmış oluruq. Təsəvvür edirsiniz, arzuladığımız nəticə olmasa, cəmiyyətdə hansı pessimist ovqat yarana bilər? Biz indiki halda “Qarabağ”dan nəticə gözləməməli, sadəcə, komandamızın Çempionlar Liqası kimi mötəbər bir turnirdə olmasından zövq almağa çalışmalıyıq. Bütün bunlar bir yana, “Qarabağ” futbol oynamağı bacardığını bütün Avropaya sübut edib. Ona görə də əminəm ki, Londonda kötəklənən komanda görməyəcəyik. Düzdür, “Qarabağ”ın futbolçuları ilk dəfə belə turnirdə, özü də belə rəqiblə qarşılaşdıqları üçün, onların da start həyəcanı olacaq. Bu həyəcanı adlamaq mümkün olsa, “Qarabağ” öz oyununu sərgiləyə bilsə, “Çelsi”yə də problemlər yarada bilər. 4 il əvvəl “Qarabağ” ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə başlayarkən, qrupdakı rəqiblərə baxıb, onlardan xal almağın mümkün olmadığını düşünürdük. Ancaq “Sent Etyen” Bakıdan müdafiə futbolu sayəsində bir xalı apar bildi. Səfərdə “Dnepr” məğlub edildi. Qrupdan çıxmağımız hakim qərəzi sayəsinə mümkün olmadı. O vaxtdan “Qarabağ” da böyüyüb. Özü də “Çelsi”ni də təəccübləndirə biləcək qədər. Amma bütün hallarda, biz “Qarabağ”dan nəticə tələb etməməliyik”.

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev nəticənin belə olacağını ehtimal edir: “Arzu edərdim ki Qarabağımız uğur qazansın. Lakin rəqib çox güclüdür. Düşünürəm ki, hesab 3-1 olacaq”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov hər iki klubun büdcəsini müqayisə etdi: “Biz özümüzü aldatmamalıyıq. “Qarabağ”la “Çelsi” arasındakı bir klub olaraq səviyyə fərqi təxminən bir ölkə olaraq İngiltərə ilə Azərbaycan arasındakı fərq kimidir. “Çelsi”nin təkcə bu yay “Real”dan aldığı hücumçu Alvaro Moratanın qiyməti qiyməti 80 milyon avrodur. Yəni hardasa 162 milyon manat. Bu, indiki “Qarabağ”ın 11-12 illik büdcəsi deməkdir. Düzü, bu gün üçün ən çox cəkindiyim futbolçu Moratadır. Premyer Liqada uğurlu oyunu və vurduğu qollarla diqqət çəkir. “İkinci mərtəbə”dəki oyunu da superdir. Amma istisna deyil ki, son vaxtlar həm klub, həm milli səviyyəsində ardıcıl oyunlar keçirdiyindən Konte ona istirahət verəcək. Ümumiyyətlə, rəqibin heyəti ulduz və superulduzlardan təşkil edilib… Tibo Kurtua, David Luiz, Marko Alonso, N’Qolo Kante, Sesk Fabreqas, Eden Hazard, Alvaro Morato. Üstəgəl Antio Konte kimi də güclü məşqçisi var. Bu mənada, “Çelsi” kimi Avropa və İngiltərə nəhəngləri ilə oyun “Qarabağ”a xal yox, böyük bir təcrübə qazandıra bilər. Proqnoza gəlincə, əgər kimsə xal qazananacağımızı düşünürsə, onda möcüzəyə ümid bağlayaq”.

Musavat.com