Tanınmışlardan şahmatçı Şəhriyara cavab gəldi – Qalmaqal

Tanınmışlardan şahmatçı Şəhriyara cavab gəldi – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlaması ilə müzakirələrə səbəb olub. O müsahibəsi zamanı jurnalistin suallarını cavablandırarkən qadınların bütün sahələrdə kiçilərdən geri qaldığını bildirib.
Sitat: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdir. Dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?”.

Tribunainfo.az xəbər verir ki, Ş.Məmmədyarovun bu sözlərinə tanınmışların cavabı gecikməyib.
Şair Aqşin Evrən: “Qadın və kişinin formalaşması arasındakı fərq südvermə funksiyası ilə ortaya çıxdı. Südvermə məhkumiyyəti qadını uşağa, dolayısı ilə oturaq həyata məhkum etdi. Oturaq həyat qadının bioloji olaraq daha zəif və zərif təkamül etməsinə, amma həm də övladını yetişdirməsinə gətirib çıxardı.


Zamanında qadın süd verməyi dayandırıb kişi ilə ova, qəbilə davalarına qatılsaydı, bəlkə də bu gün Şəhriyar bəy də daxil olmaqla hamımız əlimizdə nizə ora-bura qaçır, mamont ovlayırdıq”.

Jurnalist, tərcüməçi Nərmin Hüseynzadə: “Kim daha güclüdür mübahisəsini anlaya bilmirəm. Güclü olmaq sənin nəyinə lazımdır axı, əziz insan? Nə olacaq ən güclü sən olsan? Güclü olmaq – həmişə qalib olmaq, hər yerdə öndə getmək, ən çoxunu etmək, ən ağırını qaldırmaqdır. Həmişə cavabdeh olmaq, yanılmamaq, dincəlməmək, həmişə kimin üçünsə nəsə etmək, problemlərlə cəbəlləşmək- Yorulmaqdır! Yorğunluq isə dünyanın ən şətəfsiz duyğusudur, hissidir.
Qadın evin ən az yeyəni
Ən az yatanı
Ən az dincələridir – Ən güclü necə olsun?
Amma həm də
Ən çox yorulanı,
Ən çox qayğılananı
Ən çox qab yuyanı
Ən çox corab tayı axtaranı
Ən çox çalışanıdır – soba təmiz olsun, çay isti, paltar ləkəsiz – Zəif də deyil!
Kişi gücdür, güclüdür! – olsun.
Yeməyini yesin, çayını içsin, təmiz paltarlarını geyinib – güclü ol”.

Yazıçı, şair Aqşin Evrən: “Arvadlara göstərilən kişi gücü kişiliyini itirir”.

Şair, yazıçı Şəhriyar Del Gərani: “Dünya şahmatında xüsusi yeri olan, kreativ oyunuyla mütləq əksəriyyətdən seçilən, inanılmaz gedişlər edən Şəhriyar dostum deyəsən qadın mövzusunda əməlli-başlı “küçə gedişi” edib. İstənilən “tin qaqaşı”nı dindir, eyni fikirdə olacaq adaşımla. Müsahibəyə baxdım, gerçəkdən, üzüldüm. Tamamilə çürük, büsbütün kiflənmiş ritorika. Yüz əfsus. Ümumiyyətlə, qadınlar-kişilər müqayisəsi, qadınlar-kişilər mübahisəsi nimdaşlıq, köhnəlik, vaxtıkeçmişlik əlaməti. Qadınlar başqa aləm, başqa məna, başqa intonasiya, başqa materiya, başqa məntiq, başqa fəlsəfədir çünki. Hansı kişini ki qadınlara öz kişi müstəvisindən baxan gördüm, qadınları öz kişi bucağından müqayisələndirən, mübahisələndirən gördüm, o kişiləri xar gördüm, məğlub gördüm, məyus gördüm, zəif gördüm, gülünc gördüm, yazıq gördüm. Armudla ayını, bənövşəylə kəpənəyi, dənizlə dağı necə müqayisə etmək olar? Axı bunlar tamamilə başqa anlayışlardır. Mənə görə, kişi ilə qadın da eynən belə. Xülasə, kişiylə qadının müqayisəsi nadanlıq, cahillik, gerizəkalılıq əlamətidir. Başqa heç nə”.

Nigar