Bu gün ürəktutmasından dünyasını dəyişən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölüm xəbəri hər kəsi dərin kədərə boğdu. Gün ərzində tanınmışlar yaşından, vəzifəsindən və inancından asılı olmayaraq hamının sevimlisi olan Hacı Şahin Həsənli ilə bağlı xatirələrini paylaşıblar.
Tribunainfo.az xəbər verir ki, tanınmışların Hacı şahinlə bağlı paylaşımılarını təqdim edir:
Əməkdar artist Bəhram Bağırzadə: “Kiminə görə Həsənov, kiminə görə Həsənli, kiminə görə Hacı və ya Hacı Şahin idi. Biri ona müəllim, ya şeyx deyirdi… Ancaq biz – onunla dostluq edən 189 saylı məktəbin şagirdləri onu sadəcə olaraq Bakı Şonyası çağırırdıq… Əziz Şonya… Bu gün gecə vəfat etdin… Hələ bunun necə və nəyə görə baş verdiyini bilmirik… Başımda qarışıqlıq, ürəyimdə ağrı var… Heç nə başa düşmürəm… Amma bir neçə dəqiqədən sonra mən ayağa qalxıb uzun müddət işlədiyin məscidə gedəcəyəm… Sən çox ağıllı, müdrik, aristokrat idin, savadlı, təhsilli, bir neçə dildə danışırdın… Amma sən mənim üçün akt zalında tennis və bilyard oynadığımız eyni Şonyasan. Mən isə sizin həndbol oynamağınıza baxdım, çünki məktəbimiz həndbol bölməsində idi. Təəssüf, çox təəssüf… Çox danışmaq istəmirəm, çünki “189. Məktəb həyatı” kitabımdakı essemdə sən hər şeyi dedin… Ona görə də bu inşanı bura buraxdım… Allah rəhmət eləsin…”
Millət vəkili Razi Nurullayev: “Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi! Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbirli və dövlətini sevən şəxs idi. Yaxınlarına və doğmalarına öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası – MCP adından dərin hüznlə başsağlığı verir və Allahdan ona rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun!”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli: “Tanınmış din xadimi, ruhani alim Hacı Şahin Həsənlinin vaxtsız ölümü bütövlükdə xalqımız üçün böyük itkidir. Hacı Şahin Həsənli mötədil din xadimi olaraq öz çoxsaylı ardıcıllarını imanları ilə yanaşı dövlətimizə və bayrağımıza da sahib çıxmağa çağırırdı. Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücum zamanı biz hamımız mərhum Hacı Şahinin gördüyü pozitiv, dövlətimizə, millətimizə faydalı işin şahidi olmuşduq. Hacı Şahinə Allahdan rəhmət, doğmalarına və sevənlərinə Allahdan səbr diləyirəm”.
Jurnalist Jalə Mütəllimova: “Oğlum ali məktəbə qəbul olanda, onu yola salanda, məsləhət və dualarını əsirgəmədi. Ölkədə bütün aydın, işıqlı, imanlı, hətta ateistlər də onun ölümündən sarsıldı. Yaxşı ki, səni bir qədər yaxından tanıdıq, Hacı. Otağında, tək quran yox, dövlət bayrağı, konstitutsiyası olan bəlkə də yeganə din adamı idin Azərbaycanda. Dini siyasəti, İranın Azərbaycan hikkəsini sən qədər az adam bilirdi. Dini hücumlara ən yaxşı dövlətçi qalxan idin. Səni kimsə unutmaz, yerin çətin dola”.
Hərbi ekspert Ədalət Verdiyev: “Hacı Şahin ləyaqətli insan, əsl vətənpərvər və çox savadlı din xadimi idi. Dindar deyiləm, amma onu dinləməkdən daim zövq almışam. Bir neçə dəfə bərabər efirdə olmuşduq. Son dəfə keçən ay Sulutəpədə Bayramın övladının yaş mərasimində görüşmüşdük. Heç bir narahatlığı yox idi, bəlkə də büruzə vermirdi. Bu gün isə Hacı ilə vidalaşırıq. Allah rəhmət eləsin. Gözəl insanları erkən itirməyimiz təəssüf hissi doğurur”.
Tanınmış qiraətçi Xəzər Süleymanlı: “Son dəfə 2 gün bundan qabaq görüşmüşdük. Ümrə ziyarətindən öncə də, sonra da bizi təbrik etdi. Həmişəki kimi danışdıq, güldük, söhbətləşdik, dedi, Ramazanda bir gün ayıracam iftar da edək. Bu sözü əsla yadımdan çıxmayacaq. Hər görüşdə deyirdi ki, Xəzəri çox istəyirəm, görəndə ürəyim açılır. O başqaları üçün dini xadim idisə, bizim üçün dost idi, yoldaş idi, qardaş idi. Hisslərimi ifadə edə bilməyəcəm. Çox ağır oldu vaxtsız gedişi. Ruhun şad olsun, Hacı…”