TANINMIŞ YAZARLARDAN REAKSİYA GƏLDİ: ONLARIN GEYİMİ..backend

TANINMIŞ YAZARLARDAN REAKSİYA GƏLDİ: ONLARIN GEYİMİ..  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya 2023” təmsilçilərimizin Liverpulda açılış mərasimindəki libasları həm cəmiyyət, həm də sənət adamları tərəfindən tənqidlərə məruz qaldı.

Tribunainfo.az-a açıqlama verən sənət adamları məsələyə birmənalı yanaşmayıb.

Yazıçı Şərif Ağayar açıqlamasında bildirib ki, Avroviziya istismar layihəsidir.

Onun sözlərinə görə, “Səs və pul oğurlayan adamların diqqət yayındırmasıdır. Azərbaycan kimi ölkələrin Avroviziya sevgisi lətifədir. Axırıncı Nigar kiminsə belinə hoppanmışdı. Ona mətbuatdan müraciət etdim. Dedim, qadın, düş aşağı, yarış bitdi.,. Amma insafən qəşəng qadındır… Dizləri möhtəşəmdir…”

Yazıçı Qan Turalının sözlərinə görə bu bir şoudur, Avroviziya da şoudur. “Burada müxtəlif geyimlər də ola bilər. Hətta heyvan geyimləri də ola bilər. Ekstravant geyimlər də ola bilər. Taamilə səhnədəki dramaturgiyanın, musiqinin, auranın, rejissorun, qurmaq istədiyi dünyanın şərtləri ilə bağlıdır. Yəni, kənardan baxıb “olmadı” demək düzgün deyil. Söhbət ondan getmir ki, Azərbaycanda kişilər qadın geyimi ilə küçəyə çıxsın. Yəni, bunu səhnə içində, mikro dünya içində nəzərə almaq lazımdır.

Burada əsas problem odur ki, geyim səhnə, mizan, dramaturgiya içində özünü doğruldurmu? Doğruldursa çox gözəl, doğrultmursa burada estetika problemi var. Görkəmli yazıçı Oskar Vayld deyirdi ki, əxlaqlı və ya əxlaqsız sənət yoxdur. Yaxşı və ya pis sənət var. Məsələyə bu tərəfdən də baxanda, yenə dediyim kimi sənətin hər bir halda öz qanunları, prinsipləri, aurası, mühiti, öz şərtləri ilə qiymətləndirmək lazımdır”.

Yazıçı Ayxan Ayvazın sözlərinə görə, “Biz geyim təfəkküründən çıxsaq, o vaxt dünyanın ən mütərəqqi xalqı olacağıq”.
O, əlavə edib ki, “Bizdə, azərbaycanlılarda müzakirə mədəniyyəti yoxdur. Keçən dəfə də Samirə Əfəndinin ayaqlarını müzakirə etmişdilər. Halbuki bu müzakirəni edib, özlərini əxlaq keşikçisi kimi göstərənlər əsl əxlasızlardır. Ümumiyyətlə, bir şəxsə geyimi üzərindən nəsə fikir söyləmək zehniyyətin XV əsr formasıdır. Üstəlik, o geyim Avroviziyadakı iki cavan oğlanın yox, məsələn, ictima-siyasi kontekstdə hansısa şəxsin əynində olsa, heç nə deyə bilməyəcəkdilər. Çünki bu tip insanlar həm də qorxaqdır. Əxlaq geyim demək deyil. Geyimin içərisindəki qəlbdir. Əgər birinin qəlbi pozulubsa, vəssalam, o istəyir “milli-mənəvi” geyinsin, xeyri yoxdur. Ona görə də müzakirə olunan mövzumuz geyim yox, sənət olmalıdır. Ümid edirəm ki, ölkədə bunu başa düşən heç olmasa 20 adam var”.

Yazıçı Sahilə Yaya açıqlamasında senet adına bütün eksperimentlərə açıq olduğunu bildirdi.

Yazıçının sözlərinə görə, “Təbii ki, fərqli obrazlar yaradıla bilər. Sırf builki tərzi isə bəyənmədim. Mənim zövqümü oxşamadı, açığı sevmədim. Bu oğlanlar öncələri çox zövqümü oxşamışdı.

Şair Cəlil Cavanşir bildirib ki, geyimlər insanın daxili aləminin xarici təzahürüdür.

Onun sözlərinə görə, “İnsanların geyimlərinə baxaraq, onların xarakteri, xasiyyəti, daxili aləmi haqqında ilkin qənaətə gəlmək mümkündür. Amma yalnız ilkin qənaətə gəlmək mümkündür. Geyiminə görə insanları ittiham etmək, haqqında əsaslı fikir demək mümkün deyil. Daxili aləmlə geyim tərzi üst-üstə düşməyə də bilər. Geyimlə xarakterin çox zaman əlaqəsi olmasa da, geyimlər insanlar haqqında müəyyən fikirlərin yaranmasına səbəb ola bilir. Düşünürəm ki, insanların geyimini ələ salmaq, geyim tərzinə görə insanlar haqqında fikir söyləmək yanlışdır.
Xüsusilə incəsənət adamının geyimini müzakirə etmək, tərzinə görə ittiham etmək mənə gülməli gəlir. İncəsənət adamı geyim seçimində sərbəstdir. Səhnəyə, ifasına, üslubuna görə hansısa müğənnini ələ salmaq yüngül desək cahillikdir”.

Rejissor, şair Amil Amal açıqlamasında bildirib ki, feyzbukdakı cahil kütlə geyimi müzakirə edir.

Rejissor əlavə edib ki, “Əkizlərin geyimi çox möhtəşəmdir. Hətta iki ekiz qardaş, biri ağ, digəri qara geyimin üzərində qızılgüllər. Çox güman ki, biri xeyir digəri isə şəri təmsil edir. Və ya başqa simvolika da ola bilər. Hətta uzun şarfları çox bəyəndim. Uzun şarflar da deyərdim ki, Ekzüperinin “Balaca Şahzadə” əsərini xatırladır. Yəni, dünyanı xilas etmək istəyən iki qəhrəman kimi simvolizə edərdim. Başqa simvollar da axtarıb tapmaq olar. Amma çox xoşuma gəldi. Eyni qızılgüllərdir, amma biri ağın, digəri qaranın üzərindədir. Bir atalar sözü var, səhv etmirəmsə çin atalar sözüdür. Deyir ki, “Alimin paltarı olmasa belə, elmi eyibini örtər”. Həmən o feyzbukda geyimləri, incəsənət xadimlərini, ölkəmizi təmsil edən bu gəncləri qınaq obyektinə çevirən adamlara demək istəyərəm ki, onların səsinə fikir versinlər, geyimlərini müzakirə etməsinlər. Lap çılpaq olsa belə”.

Yazıçı Sevinc Elsəvər açıqlamasında qeyd edir ki, o qardaşların əhvalatı məni mütəəssir eləmişdi. “Zaqatalada heç bir musiqi təhsili almadan böyümələri, evlərində piano olmaya-olmaya, məktəbdəki köhnə pianoda çalmağı öyrənmələri, musiqi bəstələmələri, içlərindəki tutqu və s.
Nə qədər adam övladını musiqi məktəbinə qoyur, musiqi çala bilməkləri üçün çalışır, ancaq onlardan bir şey çıxmır. Bu qardaşlarsa öz yanlarından, içlərindəki tutqu və istedada söykənərək, gəlib bu yerlərə çıxıblar, maşallah. Az adama nəsib olur ki, öz ölkəsini, xalqını beynəlxalq müsabiqələrdə təmsil eləsin. Bu münasibətlə qardaşları təbrik edir, onlara bol-bol uğur arzu edirəm! Onların mütəəssiredici hekayətlərini öz uşaqlarıma nümunə kimi çəkmişəm neçə dəfə. Tutqunun, istəyin, istedadın və çalışqanlığın insanı haralara apara biləcəyini demişəm.
O ki qaldı geyimlərinə… İnanın, çox gülməlidir bunu müzakirə eləməyimiz. Nəinki səhnə insanını geyiminə görə müzakirə eləməyi, adi, sıradan adamları da geyimlərinə görə müzakirə eləməyi etik saymıram. Qətiyyən qəbul etmədiyim bir məsələdir. Şərhləri gördüm, xeyli təəssüf hissi keçirtdim. Birincisi, geyimləri seçmək səhnə adamının tək öz işi deyil, bu bir komanda işidir. Xaricdə ölkəni təmsil edən sənətçilərin geyimlərinin seçilməsində də bir komanda çalışır. Onların imici, saç düzümü, görünüşü və s. hamısı müzakirə olunur və buna kollektiv qərar verilir. Ancaq adamlar nədənsə təkcə qardaşları söyür, yamanlayır, pisləyirdilər. İkincisi də, o geyimdə pis olan nə idi anlamıram. Köynəklərinin güllü olmağımı? Axı gülə nolub? Bir yaxşı iş görəndə deyirik “gül kimidir”, bir adam haqqında deyirik: “gül kimi adamdır”. Amma güllü paltar pisdir? Və güllü paltarı kişi geyinibsə pisdir?
Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmindəki səhnə yadıma düşdü. Qazan xan oğlu Turalın əlində gül görür, başlayır onu danlamağa ki, başqaları ov ovlayıb, quş quşlayır, mənim oğlum da gül dərir. Tural da deyir ki, baş kəssəm, qan töksəm yaxşıdır?
Bu, Qazan xanın düşüncəsidir elə. O qardaşlar da elə bil elə Turaldır. Təsadüfi deyil ki, oğlanlardan birinin də adı elə Turaldır. Xalq indi Qazan xan kimi Turalı danlamaqla məşğuldur.
Ümumiyyətlə, düşünürəm ki, cəmiyyətimiz çox aqressivdir. Getdikcə çətinləşən və bahalaşan həyat, sosial problemlər insanların içindəki kini, qəzəbi artırır və adamlar bir-birindən hayıf alırlar. İllah da, kimsə azca uğur qazansa, onu parçalamağa hazırdırlar. Bu çox təəssüfedicidir. Çox istərdim ki, insanlarımız xoşbəxt olsunlar, günləri xoş keçsin, yaxşı yaşasınlar. Bu, onlarda sevgi, hüzur, bir-birinə sayğı formalaşdıracaq. Bir-birinə istər real həyatda, istər sosial şəbəkələrdə gülümsəyəcək, xoş sözlər deyəcəklər. Mən insanımızı belə aqressiv, kin-küdurət dolu görməkdən çox üzgünəm”.