Tanınmış teleaparıcının şikayətini “Azərişıq” cavablandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış teleaparıcı Azər Qərib sosial şəbəkədəki səhifəsində “Azərişıq” ASC-dən elektrik sərfiyyatı ilə bağlı göndərilən bildirişlərdə sərfiyyat xərcinin kəskin artdığını yazıb.

 

Tanınmış teleaparıcı Azər Qərib sosial şəbəkədəki səhifəsində “Azərişıq” ASC-dən elektrik sərfiyyatı ilə bağlı göndərilən bildirişlərdə sərfiyyat xərcinin kəskin artdığını yazıb.

Aparıcı qeyd edib ki, evində elektrik sərfiyyatını artıracaq hər hansı dəyişiklik etmədiyi halda son iki ayda  belə yüksək məbləğin yazılması onun üçün anlaşılmaz olub: “İyul ayı üçün işıq pulu gəldi, həmişəkindən düz iki dəfə çox, hətta ondan da artıq… Çox şübhələndim, axı sərfiyyatımı bilirəm, yeni cihaz almamışam, evdə sex açmamışam. Dostlar gəlib sayğacı yoxladılar və normal işlədiyini dedilər. Bunu isti havalarda kondisionerin həddin artıq yüklənmə ilə işləməsilə izah etdilər. Eynilə anama da böyük məbləğ gəlib, halbuki anam artıq bir aydır kondisioner işlətmir. Bu, nə məsələdir? Mənim sübutum yoxdur, ona görə iddia edə bilmərəm, amma burada nəsə müəmmalı məqamlar var. Nəyə görə,  birdən-birə işıq pulu belə artdı? Nədir səbəb? “Azərişıq” bunları necə izah edə bilər?”

Qeyd edək ki, bu statusun altında şərh yazan 200 nəfərdən çox istifadəçinin əksəriyyəti də son aylarda belə hallarla qarşılaşdıqlarını bildiriblər.

Musavat.com olaraq, bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.

O, bildirdi ki, bu problemin həlli üçün “Azərişıq” ASC-nin yerli idarələrinə müraciət edilməlidir: “Hansı tarixdə nə qədər elektrik sərfiyyatı olduğunu sayğac göstəricisi dəqiqliklə deyə bilər. Nə qədər elektrik işlədibsə, saatına qədər qeyd olunub. Məbləğin nə üçün iki dəfə artıq olmasını ancaq sayğaca baxdıqdan sonra demək olar. Elektrik sərfiyyatında hər hansı qanunauyğunluq yoxdur. Mütəmadi sərfiyyatlar var, elektrik xətlərində yük axını, mənzildə olan avadanlıqların sayı nəzərə alınmalıdır. Müraciət etsinlər, əməkdaşlarımız gəlib sayğacda hansısa qüsur olub-olmadığını yoxlasınlar. Xahiş edirəm ki, həmin şəxs yaşadığı rayonun müvafiq idarəsinə ərizə ilə müraciət etsin və əməkdaşlarımız gəlib baxış keçirsinlər”.