Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, Kənan Rəsulov Avropa bankı ilə kredit müqaviləsini onsuz reallaşdırıb:
“Bir neçə şirkət var idi ki, onlar Kənanla parnik qurmaq üçün razılaşmışdılar. Onların arasında “Kürdəxanı şitil” və başqa bir Türkiyə şirkəti də var idi. Kənan həmin Türkiyə şirkətinə işlərin qurulması üçün iki milyon dollar pul verməli idi. O, saxta sənəd düzəltmişdi ki, guya həmin şirkətə 800 min dollar pul ödəyib. Lakin o, bankın verdiyi kreditin bir milyonunu mənimsəyib”.
Müttəhim qeyd edib ki, Kənan Rəsulov “Kürdəxanı şitil” ilə 2019-cu ildən işləyib. Həmin şirkət toxum satışı ilə məşğul olub. O, həmin şirkətə də pul ödəməli imiş.
Z.Hüseynzadə vurğulayıb ki, bəzi məsələlərlə bağlı Kənan Rəsulovla əlaqə saxlayan zaman Dubayda olduğunu və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ilə müqavilə bağladığını deyib.
“Kənan Rəsulov istintaqa ifadəsində guya bankla müqaviləni mənim xahişimlə bağladığını deyib. O, 3 250 000 manat vəsaiti özünə borc verərək mənimsəyib. Bunu mən yoxlama zamanı müəyyən etmişdim”, – deyə müttəhim bildirib.
Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib. İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri almasına əsaslı şübhələr aşkar edilib.
Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.
Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.