“Bu ilin fevralında Buzovnada yerləşən bina evimizi sataraq, torpaq aldıq, özəlləşdirdik və bütün qaydalara əməl etmək şərtilə özümüzə ev tikdik”.
“Bu ilin fevralında Buzovnada yerləşən bina evimizi sataraq, torpaq aldıq, özəlləşdirdik və bütün qaydalara əməl etmək şərtilə özümüzə ev tikdik”.
Bunu Gununsesi.info-ya tanınmış jurnalist Dünya Sakit bildirir. Jurnalist evə qeydiyyata düşmək üçün qarşılaşdıqları qanun pozuntularından, büroktarik əngəllərdən şikayət edir.
D.Sakit deyir ki, bütün mümkün imkanlarını toparlayıb tikdikləri ikimərtəbəli evin birinci mərtəbəsini yaşayış üçün normal hala gətirərək köçüblər: “Köçən kimi də sənədləri toplayıb mülkiyyət hüququmuzu təsdiqləyən sənəd üçün Əmlak Məsələləri Dövlət Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdik. Buna məcburuq, çünki hələ də satdığımız evdə qeydiyyatdayıq. 6 aya qeydiyyatdan çıxmağa söz vermişik, bir ili gəlir çıxa bilmirik. Qeydiyyata düşməyə yerimiz yoxdur, ümidimiz öz evimizə sənəd alıb, ora qeydiyyata düşməkdir.
Müraciətdən 1 həftə sonra mühəndis gəldi, baxdı, yazıb getdi. 21 gündən sonra bizə cavab gəldi ki, Xəzər rayon icra hakimiyyətinə tikintinin başa çatmasına dair məlumatlandırma məktubu göndərməyimizi təsdiq edən sənədimiz yoxdur, bir də tikinti natamamdır, başa çatdırılmayıb”.
D.Sakit 2 gün əvvəl Reyestr xidmətinin mərkəzi ofisində olublar: “ Məlum oldu ki, icra hakimiyyətini məlumatlandırmağımızı təsdiq etmək üçün rayon icra hakimiyyəti başçısının adına tikintinin başa çatmasına dair bir məktub yazmalı, onun surətini xidmətin yaxınlığında yerləşən notariusda təsdiqlətməli, daha sonra əslini o notairusun yanındakı poçtdan Xəzər icra hakimiyətinə göndərməli və bu göndərişi təsdiq edən bildirişi məktubun surəti ilə birlikdə xidmətə təqdim etməliyik. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.10.2-ci maddəsinin bu tələbi tamamilə gərəksiz, Reyestr xidmətinin yaxınlığındakı notairus və poçt şöbəsinə pul qazandırmaq vasitəsindən başqa bir şey deyil. Çünki Xidmətə rayon icra hakimiyyətinin məktuba cavabı-filan gərək deyil.
Evin tikintisinin başa çatmaması isə , sən demə, 2-ci mərtəbənin qapı-pəncərəsinin qoyulmamasıdır?! Qapı-pəncərənin yeri layihəyə uyğun formada qoyulub, amma onları PVC-dən doldurmağa imkanımız çatmayıb – soyuğun qarşısını almaq üçün taxta vurmuşuq, Xəzri küləyi tərəfdə olanlara birqat kubik yığımışıq. Reyestr xidmətinin hüquqşünasına deyəndə ki, qapı-pəncərə qoymağa imkanımız yoxdur, dedi ki, bəlkə siz sonra ordan balkon çıxartdınız? Dedik, ay cənab hüquqşünas, balkon çıxartmağa imkanımız olsaydı, elə pəncərəmizin içini doldurardıq da? Bir də ki, balkon çıxardan sənəd alandan sonra da bunu edə bilərik Axır sözü bu oldu ki, biz sənədi yaşayış sahəsinə verirk. Dedik, onda birinci mərtəbəyə sənəd verin. Razılaşmadı ki, olmaz, sənəd bütün evi əhatə etməlidir”.
Jurnalistin sözlərinə görə, ölkə Prezidentinin fərdi yaşayış evlərinin özəlləşdirilməsi sahəsində atdığı addımlar, bu sahəyə diqqəti Reyestr Xdmətinin rəhbərliyi üçün heç bir əhəmiyyət kəsb etmir: “Prezidentin iradəsi bu xidmət, bütövlükdə Dövlət Əmlak Komitəsi üçün hansısa məna kəsb etsəydi, ərəncama əməl edərək, qanunvericilikdə vətəndaşların öz əmlaklarına sənəd almalarını əngəlləyən lüzumsuz müddəaların aradan qaldırılması üçün effektiv təkliflər verərdilər.
Eyni zamanda özəl torpağımızda min əziyyətlə tikib başa çatdırdığımız evimizə “niyə 2-ci mərtəbədə qapı-pəncərə yerləri boşdur” iddiası ilə sənəd verməkdən imtina etməzdilər”.
D.Sakit çarəsiz vəziyyətdə qaldıqlarının deyir. Onun sözlərinə görə, evlərini alan adam qeydiyyatdan çıxmadıqlarına görə onları məhkəməyə verib.
Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmadı. Yaranmış vəziyyəti gündəmdə saxlayaraq, Komitənin cavabını almağa çalışacağıq.