backend

TANAP kəmərinin 55%-i tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 55 faizi görülüb. 

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 55 faizi görülüb.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əşkişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır.

“Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq”, – deyə S.Düzyol əlavə edib.

O, həmçinin bildirib ki, 11,7 dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 dollara düşüb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz. (Azərtac)