Jurnalist Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzini Azərbaycanın elmi potensialına zərbə vurmaqda ittiham edib. Bu barədə o sosial şəbəkə hesabında yazdığı geniş məqalədə bildirib.
Tribunainfo.az xəbər verir ki, T.Şahsuvarlının fikrincə, məsələn, Qərbdə Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir:
“Dövlət İmtahan Mərkəzinin Azərbaycanın elmi potensialına vurduğu zərbəni “İxtisas seçimi paradoksu” cədvəli ilə daha sadə izah edim.
* Fərz edək ki, qəbul imtahanlarında 600-610 bal aralığında 50 nəfər bal toplayıb.
* Fərz edək ki, ali məktəblərin hüquq ixtisaslarına 610+ bal toplayan abituriyentlər qəbul olub, hüququn keçid balı 610.01 olub.
* Fərz edək ki, 610-620 bal aralığındakı 50 nəfərin hər biri ixtisas seçimi zamanı 1-5 yerlərə hüquq ixtisaslarını yazıb, BDU-nun tarix istisasını ancaq 6-cı yerdə göstərib.
* Fərz edək ki, 590-600 bal aralığında da cəmi 50 nəfər bal toplayıb.
* Fərz edək ki, 590-600 bal aralığındakı 50 nəfər BDU tarix ixtisasını 1-ci yerdə göstərib.
* Fərz edək ki, BDU tarix ixtisasına cəmi 50 nəfər qəbul var.
Bu halda DİM-in sistemi 590-600 bal aralığını “Tarix”ə yerləşdirəcək, 600-610 bal aralığını isə qıraqda qoyacaq.
Bu şərti rəqəm DİM-in yerləşdirmə sistemi necə işləyir, onu başa düşmək üçün sadə şəkildə təqdim etdim.
İndi sual meydana çıxır: daha üst intellektual seqmenti qıraqda qoyub, bir altdakı seqmenti “Tarix”ə yerləşdirmək Azərbaycanda tarix elminin, BDU-nun Tarix fakültəsinin akademik keyfiyyətinə, nüfuzuna və bütövlükdə təhsilə sosial ədalət baxımından nə vəd edir?
Qısa və konkret: MƏNFİ TƏSİR EDİR!
Qərbin nüfuzlu universitetlərində bu məsələ necə tənzimlənir? Mərkəzləşdirilmiş qəbul sistemi, yəni oraların təhsil sistemində Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir. Bir abituriyent bir neçə universitetdən, bir neçə ixtisasdan “qəbul” mesajı alır və onlardan birini seçir. Nəticədə universitetlər nüfuz, təhsil isə keyfiyyət itirmir”.
Gülşən Rəsul