Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Tribunainfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.