“Hazırda taksilərin sayının 35 minə endirilməsi cəmiyyəti ən çox narahat edən problemlərdən biridir. Mən və ailəm də taksidən geniş istifadə edənlər sırasındayıq. Deyə bilərəm ki, taksi sahəsində rəqabət vardı və əlçatan idi. Taksi sahəsi niyə tənzimlənməlidir? Bu, ən çox verilən suallardan idi. Peşəkarlıq, təhlükəsizlik məsələlərini nəzərə alsaq, həqiqətən də, tənzimlənməlidir. Bəziləri deyir ki, taksi çoxdur, buna görə şəhərdə tıxacdır, heç kim ictimai nəqliyyatla getmir, hamı taksi ilə gedir. Hələlik, ilk aylardır, taksilərin sayı kəskin azalıb, amma hansısa problemin düzəldiyini görmürəm. Tıxaclar, bəlkə də, əvvəlkindən də çoxdur. Halbuki yaydır, tətildir, məktəb, universitet yoxdur. Sıxlıq azalmalı idi, amma azalmayıb. Peşəkarlığı da hələ ki hiss etmirik. Əksinə, insanlar çox gözləməli olurlar. Qiymət artımı da öz yerində. Bəziləri hətta taksi qiymətlərinin iki dəfə artdığını deyirlər. Ola bilər, bizə desinlər ki, nəticəsini bir müddət sonra görəcəksiniz. Buna görə, bəlkə də, indi qiymət vermək tezdir. Hər halda ilin sonu, yəqin, qiymət verə biləcəyik”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Xarici ölkələrə gedirik, taksi çağıran kimi gəlir. “Bolt” və digərləri. Heç birini reklam etmək istəmirəm, amma dərhal gəlir. Bizdə isə belə deyil. Deməli, bu sahədə artıq problem var. İlk baxışdan isə insanlara elə görünür ki, onsuz da bütün sahələr inhisarlaşır, bu sahədə də nəsə etmək istəyirlər… Təəssüf ki, belə fikirlər var. Yəqin, inhisarlaşmanı da, tıxacları da görəcəyik. Olmasa, deyərik ki, “olmadı…” Eyni zamanda insanlarımızın işsiz qalması. Xeyli sayda taksi sürücüsü bu yolla pul qazanırdı. Onlar da işsiz qalıb. Bu da mənfi haldır”, – Ə.Həsənob bildirib.