Azərbaycanda fərdi nəqliyyat vasitəsi ilə taksi işləyən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Vergi Məcəlləsinə əsasən, həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün “Fərqlənmə nişanı” almalı, əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq, dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
“Fərqlənmə nişanı” almalıdırlar
Başqa sözlə, şəxsi avtomobili ilə taksi xidməti göstərən fiziki şəxslər öz fəaliyyətlərini qanuniləşdirmək üçün mütləq “Fərqlənmə nişanı” almalıdırlar. Bunun üçün onlar vergi orqanlarında qeydiyyata durmaqla VÖEN əldə etməlidirlər. Qanunvericiliyə əsasən, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərilməsi fərdi sahibkarlıq fəaliyyəti sayıldığından, belə vətəndaşlar vergi ödəyicisi sayılırlar.
“Fərqlənmə nişanı” istəyə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün verilir
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslər vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir. Ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” istəyə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün verilir. Fiziki şəxslərin ödədiyi vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Sadələşdirilmiş verginin aylıq məbləği 9 manatdır
Vergi Məcəlləsinə əsasən, taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilib:
– Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;
– Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) – 1,5 əmsal;
– digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.
Həmin şəxslər üçün məcburi dövlət sosial sığorta haqlarının məbləğinə gəldikdə isə “Sosial sığorta haqqında” qanuna əsasən, bu fəaliyyət növü üzrə “Fərqlənmə nişanı” almış vergi ödəyiciləri minimum aylıq əməkhaqqının (345 manat) 6 faizi miqdarında əmsallar tətbiq edilməklə məcburi dövlət sosial sığorta haqqı ödəyir. Belə ki, bu vergi ödəyiciləri hər ay üçün müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:
– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;
– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;
– Digər şəhər və rayonlarda – 1 əmsal.
Qeyd edək ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.
“İcbari tibbi sığorta haqqında” qanuna əsasən, “Fərqlənmə nişanı” əldə edərək fəaliyyət göstərən vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.
Bakıda taksi işləyən şəxs nə qədər büdcəyə ödəniş etməlidir?
Məsələn, fiziki şəxs Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. Bu zaman verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının aylıq məbləği belə hesablanır:
-Sadələşdirilmiş vergi: 9×2 (əmsal) =18 manat;
-Sosial sığorta haqqı: 20,7×2 (əmsal) =41,4 manat;
-İcbari tibbi sığorta haqqı: 345 manatın 4 faizi =13,8 manat.
Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan fiziki şəxsin vergi və sosial ödənişləri aylıq ümumilikdə 73,2 manat təşkil edir.
Zaqatalada taksi işləyən şəxs büdcəyə nə qədər ödəməlidir?
Digər bir misal göstərək: Fiziki şəxs Zaqatala daxilində, həmçinin müntəzəm olaraq Şəki və Zaqatala arasında taksi ilə sərnişin daşıyır. Həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödəməli olduğu vəsait belədir:
1. Sadələşdirilmiş vergi: 9×1 (əmsal) =9 manat;
2. Sosial sığorta haqqı: 20,7×1 (əmsal) =20,7 manat;
3. İcbari tibbi sığorta haqqı: 345 manatın 4 faizi =13,8 manat.
Beləliklə, həmin şəxsin dövlət büdcəsinə cəmi ödədiyi aylıq məbləğ 43,5 manat olacaq.
Ekspert taksi işləyənlərin aylıq ödəniş məbləğlərini normal hesab edir
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əldə etdikləri gəlirdən asılı olmayaraq sabit vergi ödəyirlər: “Taksi işləyən aylıq 700 manat da 2 min manat da və s. qazana bilər. Buna baxmayaraq onlar sabit məbləğdə vergi ödəyirlər. Taksi ilə sərnişin daşıyan fiziki şəxsin ödədiyi aylıq vergi və sosial ödənişlərin məbləği normaldır. Avropada isə bu verginin məbləği daha çoxdur. Məsələn, İsveçdə vətəndaş qazancının 50-60 faizi qədər vergi ödəyir”.
Ekspert onu da əlavə edib ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı daha əlçatan olmalıdır. Digər tərəfdən də ən azı yaşayış minimumu (2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır) qədər gəlirlər vergidən azad edilməlidir.
“Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən taksi sürücülərinə maliyyə sanksiyası tətbiq edilir?
Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.