Nazirlər Kabinetinin qərarına əsasən taksilər ağ və qırmızı rəngdə olacaq. İndi heç kəs küçədə taksi axtarmır ki, rəng təyin edilsin. Hamı taksini telefonda arayır. Belə olduğu halda rəngə limit qoymağın nə mənası var?
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”lə bağlı danışarkən deyib. Mütəxəssis bildirib ki, taksilərə rəng limiti qoyulması mənasız qərardır. O həmçinin qərarda əksini tapan taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı topladığı fərdi informasiyaların taleyi barədə də danışab:
“Uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi.
Ona görə də dünyanın çox yerində taksilər sarıydı.
İndi hökumət deyir ki, taksilər ağ və qırmızı olacaq. Hökumətin bu qərarı nəyə əsaslanıb? Əvvəllər taksilər küçədə göz müşahidəsi ilə axtarılırdı, ona görə ilk gözə çarpan rəngə-sarıya üstünlük verilirdi. İndi isə əksəriyyət taksini telefonda arayır.
Bununla bağlı universitetlərlə, elmi tədqiqat institutları ilə birgə bir araşdırma aparılıbmı?”.
O.Gündüz bildirib ki, NK-nın qərarından belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarlarla, ictimai -siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən video məlumatlar da olacaq:
“”Taksi islahatları” ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ taksidə salonun video çəkilişini aparan kameranın olması və bu datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır. Yəni taksilərdəki video registratorda xeyli qiymətli informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların TikTok-a sızmayacağına təminat varmı?
Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur. Minlərlə taksi sürücüsünün əlində olan nəhəng datanın təhlükəsizliyi necə qorunacaq? Video registratorların kibertəhlükəsizlik məsələləri necə həll olunacaq? Bütün bunlar həll edilməlidir”.
Nigar