Vəhdət Partiyası da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, partiya sədri Tahir Kərimli məlumat verib.
O deyib ki, bu gün Ədliyyə Nazirliyi Vəhdət Partiyasının reyestrini nəzərdən keçirərək məktub göndərib: “Bu münasibətlə Partiyada toplantı keçirdik. Vəhdət Partiyasının bütün üzvlərini, əziyyət, zəhmət çəkib Partiyaya üzv cəlb edən əməkdaşlarımızı təbrik etdim. Vəhdət Partiyası ikinci dəfə doğuldu. Bu, ciddi bir məsələdir. Biz birinci dəfə 11 850 nəfərdən ibarət siyahı göndərmişdik. Ədliyyə Nazirliyi çox ciddi yoxlamalar apardı, bir sıra partiyalara, o cümlədən Vəhdət Partiyasına də siyahıda düzəliş edilməsi barədə məktub göndərdi. Həqiqətən, çox səliqəli şəkildə siyahılar verildi. Sıralarımızda vəfat etmiş, yaxud başqa partiyaların üzvləri olan şəxslər, 18 yaşı tamam olmayanlar, adı təkrar gedən, eyni telefon nömrəsindən bir neçə nəfərin istifadəsi haqqında məlumatlar var idi. Məktubu alan kimi təcili Komissiya yaratdıq, sənədləri üzləşdirdik, bir ay ərzində mümkün olan qədər, çatdıra bildiyimiz qədər üzləşmələr apardıq. Yenidən 7 580 nəfərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etdik. Nazirlik düzəliş aparılmış reyestri nəzərdən keçirib, bizə müvafiq məktub göndərib. Təbii ki, qanuna əsasən, Ədliyyə Nazirliyi hər altı aydan bir yenidən reyestrdə yoxlamalar aparmaq səlahiyyətinə malikdir. Biz də bu barədə onlara məlumat verəcəyik. Çalışacağıq ki, mövcud nöqsanlarımızı yenə də aradan qaldıraq. Qarşımızda çox ciddi məsələlər durur”.
T.Kərimli hesab edir ki, Ədliyyə Nazirliyinin və hökumətin bütün partiyalara münasibəti eyni, adekvat olub: “Açıq deyək, AXCP-nin sədri Əli Kərimli deyir ki, Azərbaycanda təkpartiyalı, totalitar sistem təmin olunur, bunlar kənarda qalacaqlar. Axı sən hardan bilirsən ki, sənin partiyan qeydə alınmayacaq? Sabah AXCP və digər partiyalar qeydə alınsa, onda nə deyəcəksiniz? Böhtanınıza görə çəkinməyəcəksiniz ki, niyə bu sözləri dediniz? Yoxsa deyəcəksiniz ki, bizdən qorxdular, ona görə qeydə aldılar? Axı heç nə bilinmir. Belə deyirlər ki, parlament partiyalarına başqa münasibət göstərilir, radikal müxalifətə başqa. Bu, doğru deyil. Hüquq, qanun hamıya aiddir. Hesab edirəm, hamıya eyni dərəcədə münasibət göstərilib. Bu, nəticədə də özünü büruzə verəcək. Partiyamızın qeydə alınması ilə bağlı məmnunluq hissi keçirirəm. Sevincimizi bölüşdük. Gələn həftə baş məclis çağıraraq qurultayı təyin edəcəyik. Qurultayda yeni siyasi qanuna uyğun Nizamnamə və proqram qəbul edəcəyik. Digər partiyalara da uğurlar arzulayıram. Onlar hələ gözləmə mövqeyindədirlər. Qeydə alınan partiyaları isə təbrik edirəm”.