“Ən ali təşkilat dövlət, ən kiçik təşkilat isə ailədir. Əgər bir təşkilat varsa, onun rəhbəri olmalıdır. Matriarxat, yəni ana xaqanlığı dövründə qadınların üstünlüyü olub. Kişi ov edərdi, qəbilənin işləri isə əsasən ananın – qadının üzərinə düşərdi. Göründüyü kimi, bu, tarixi şəraitlə bağlıdır. Lakin ibtidai icma dövründən sonra çoxlu formasiyalar dəyişib. Quldarlıq, kapitalizm, sosializm və s. Hər birində dövlət, yaxud dini, ailə təşkilatlarının rəhbəri həmişə kişilər olub. Kişi fiziki cəhətdən qüvvətli olduğuna görə həm də ailənin gözətçisi funksiyasını yerinə yetirir. Elə olur ki, bəzi müəssisələrdə, idarə və təşkilatlarda qadın rəhbərlər qoyurlar. Hamısı şəraitə bağlı məsələdir. Ailə məsələləri ortaya gəlsə, həyat təcrübəsinə əsasən deyərdim ki, ailə təşkilatında kollektiv rəhbərlik heç vaxt effekt vermədiyinə görə kişi daha çox haqqa malik olur. Çünki onun ailəni qorumaq, hifz etmək imkanları daha yüksəkdir. Qadın zərif cinsdir, bir qədər çətinlik çəkir”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Elə təşkilatlar var ki, orada fiziki əməkdən çox əqli, tərbiyəvi əmək üstünlük təşkil edir. Bu cür pedaqoji kollektivlərdə qadın əməyi effekt verir. Belə halda qadın rəhbər önə çəkilir. Nəticə etibarilə, dünyanın inkişaf tarixində kişi həmişə rəis, rəhbər olub, qadın da onun rəhbərliyini qəbul edib. Getdikcə Avropa və digər yerlərdə feminist ideyaları inkişaf etdikcə qadınlar önə çəkilir. Dövlət və hökumət başçıları da onlardan olurlar. Yəni bu, konkret şəraitlə bağlıdır. Ümumilikdə, istisnaları götürsək, kişi həmişə rəhbər olub. Bu məsələnin mübahisə edilməsi doğru deyil. Qadına hörmət edilməli, onun fikri nəzərə alınmalıdır. Ailənin də, təşkilatın da rəisi adətən kişi olur”, – o bildirib.