Qədəm qoyduğumuz 2025-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli Sərəncamla “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu münasibətlə “VIP Milan Hospital” rəhbərliyi tərəfindən tədbir keçirilib. Tədbirdə “VIP Milan Hospital”ın rəhbəri, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova məruzə edərək bildirib ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan ilk Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümüdür. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş respublikamızda bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq qeyd edilməsi əlamətdar bir tarixdir.
Xuraman Muradova bildirib ki, 30 il öncə, 1995-ci il noyabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Həmin günü ölkəmizdə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik. Konstitusiyamız 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışan Xuraman Muradova vurğulayıb ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın əsas qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Ümummilli Lider Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu.
Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilib. Ən əsası isə Konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib çatmasını təmin edib.
“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə hüquqi, demokratik, sivil dövlət quruculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. Otuz il bundan əvvəl noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu.
Bu dövrdə Ümummilli Lider Heydər Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan qəsdlərin qarşısını məharətlə aldı, digər tərəfdən dövlət quruculuğu işinə rəhbərlik etdi. Bu sahədə qarşıya çıxan maneələri əzmlə aradan qaldırdı. Fərəhlidir ki, bu gün həmin missiyanı Ulu Öndərimizin siyasi varisi, Prezident İlham Əliyev çox böyük fədakarlıqla davam etdirir.
Üç rəngli hürr bayrağımız
Dalğalanır Qarabağda.
Xankəndidə, Xocalıda
Ağdərədə, Murovdağda.
Yaşasın! Baş Komutanım!
Yaşasın Qalib Ordumuz!
Düşməndən azad edildi,
Bizim o cənnət yurdumuz.
Əbədiyyən Qarabağda,
Cəsur nəğməmiz çağlasın!
İndi zəfər marşımızı
Duyduqca düşmən ağlasın!
Prezident İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran qüdrətli bir Liderdir. Siyasi iradəsi və diplomatiyasının nəticəsində O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 20 il düşünüb-daşındı və 44 günün içində tamamladı, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir vətəndaşın sidq ürəklə inandığı Prezidenti olmağı bacardı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız suverenliyimiz həm də gələcək nəsillərə mənəvi mirasımızdır”, – deyən Xuraman Muradova fikirlərini yekunlaşdırıb.