Tovuz rayon İbrahimhacılı kənd sakini Vilayət Musayev yaşadığı evi ilə 8 nömrəli Regional Sukanal idarəsinin arasında qalıb.
Bu barədə Vilayət MusayevQaynarinfo-ya ünvanladığı məktubda bildirib. Şikayətçi yazır ki, Asan Xidmətdən bütün sənədləri alsa da, 8 nömrəli Regional Sukanal idarəsinin rəisi Etibar Əhmədov onun evinə su xəttini çəkmək istəmir:
“Kənddə yerləşən fərdi yaşayiş evimə Su Təchizati Şəbəkəsinə qoşulmağımla bağlı texniki şərtin verilməsi barədə Asan Xidmətə müraciət etdim. 01.09.2020 tarixdə Asan Xidmətin verdiyi texniki şərti aldım. Həmin vaxtdan üc aydan artıq keçməsinə baxmayaraq, hələ də evimə su xətti cəkilməyib. Bunun səbəbini öyrənmək ücün 8 nömrəli Regional Sukanal idarəsi Tovuz sukanal sahəsinin rəisi Etibar Əhmədova müraciət etdim ki, mənim evimə nə səbəbə su cəkmirsiniz? Rəis isə mənə gülməli cavab verdi. Dedi ki, “sizin evə su xətti cəkməyə imkan yoxdu”. Ona bildirdim ki, əgər imkan yoxdusa, nəyə görə 8 nömrəli Regional Sukanal idarəsinin rəisi Darvin Hüseynovun imzası ilə təsdiqlənmiş texniki şərt verilib? Üstəlik həmin texniki şərtdə çəkiləcək su xəttinin uzunlugu da 28 metr göstərilib. Etibar Əhmədov isə mənə dedi ki, “sizə texniki şərti kim veribsə, evinizə suya da o çəksin”.
Əli hər yerdən üzülən Vilayət Musayev yeganə ümid yerinin mətbuat olduğunu qeyd edib:
“Ümidim sizədir, xahiş edirəm, evimə su xəttinin cəkilməsində köməklik göstərəsiniz”.
8 nömrəli Regional Sukanal idarəsinin əməkdaşı Oruc Mehdiyev Qaynarinfo-ya açıqlamasında qurum tərəfindən Vilayət Musayevə texniki şərt verildiyini təsdiqləyir:
“Amma onların yaşadığı ərazidə şəbəkə yoxdur. Neçə il öncə kənd camaatı yığışıb öz hesabına xətt çəkib, işlədirlər. Həmin vaxt kənd sakinləri Vilayət Musayevə də bu barədə deyib. Həmin vaxt Vilayət Musayev sakinlərə qoşulmayıb. İndi ona su xətti çəkilməsi üçün texniki şərt verilib, amma sakinlər razı olmur. Özü qonşularla dil tapa bilmir, bizə deyir ki, siz danışın. İndi biz də kənd camaatını razı salmağa çalışırıq”.