“Şuşa Bəyənnaməsi Prezdident İlham Əliyevin tarixi zəfəridir”backend

“Şuşa Bəyənnaməsi Prezdident İlham Əliyevin tarixi zəfəridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Bəyənnaməsi ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezdident İlham Əliyevin tarixi zəfəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxaspektli və məqsədyönlü siyasət 18 il ərzində xalqımızın və ölkəmizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Son vaxtlarda həyata keçirilmiş bir sıra beynəlxalq səviyyəli məqsədyönlü tədbirlər müstəqil Azərbaycan Respublikasının dünya birliyində və regiondakı yerini və mövqeyini, gücünü və imkanlarını daha da qüvvətləndirmişdir. Belə tədbirlərdən biri də 2021-ci ilin 15 iyun tarixinə təsadüf edir.

Hamıya bəllidir ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. 15 iyun 2021-ci il tarixində bu qardaşlıq bir daha sübut olundu. Elə ona görə də 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Həmin gün Azərbaycanın əvəzsiz sərvəti və mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü-15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bəyannamənin tarixi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi[1]ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq. Şuşa Bəyannaməsi, eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və s. geniş şərait yaradacaq.

Paralel olaraq Cənub Qaz Dəhlizinin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionlarla əlaqəsi bərpa olunacaq. Bu istiqamətdə aparılan siyasətin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşa edilməsi bölgədə nəqliyyat-kommunikasiya fəaliyyətinin genişlənməsinə və bu yöndə mövcud problemlərin həllinə yol açacaq. Şuşa Bəyannaməsinin imzalanması iki ölkə vətəndaşlarının, şirkətlərin turizm sahəsindəki əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq. Buna təkan verən amillərdən biri də bir qədər əvvəl iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq şəxsiyyət vəsiqələri ilə səyahətlərinə icazə verən razılığın əldə olunmasıdır. Bunun nəticəsində dünyada unikal təbiətə malik Qarabağın ən gözəl turizm məkanına çevriləcəyi şübhəsizdir. Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq iki qardaş dövlətlər arasında formalaşan münasibətlər Şuşa Bəyənnaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov