COP29 Azərbaycan Əməliyyat Şirkəti, AYNA və Bakı şəhər DYP idarəsi sürücülər üçün maraqlı bir məlumat yayıb. Deyilir ki, Bakının bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar yalnız konfrans zamanı (yəni 11-22 noyabr tarixlərində) ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Həmin günlərdə bu zolaqlarda başqa nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Ancaq yaxşı olardı ki, COP29 zolaqlarının olduğu konkret küçələrin adlarını da yayımlasınlar, ictimailəşdirsinlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, ayrılmış bu zolaqlarla bağlı verilən məlumatlar yetərli deyil:
“Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan COP29 zolaqlarından bütün nəqliyyat vasitələri istifadə edə bilər. Bu o deməkdir ki, COP29 loqosu olan zolaqda 5.9 avtobus zolağı nişanı yoxdursa, həmin zolaqda konfransa qədər hərəkət sərbəsdir və orada hərəkətə görə hər hansı cərimə yazıla bilməz. Özü də qeyd edilir ki, məhz nişan olmaması əsasdır…
Şəhərdə belə zolaqlar artıq var. Məsələn, onlardan biri A.Şaiq küçəsinə, N. Nərimanovun heykəlinin yaxınlığına çəkilib. Ancaq son günlər sürücülər həmin yerdə bu zolaqla bağlı yaranan tıxacdan çox şikayətlənirlər. Əgər orada 5.9 nişanı yoxdusa, hələlik hər kəs o zolaqla da hərəkət edə bilər.
Amma bu məlumat yetərli deyil, çünki sürücülər arasında qeyri-müəyyənlik yaranacaq ki, bu zolaqlardan hansı COP29, hansı avtobus zolağıdır? Hər şeyin tam aydın olması üçün AYNA və DYP-nin COP29 zolaqları olan küçələrin siyahısını ictimailəşdirməsi zəruridir. Ona görə də bu qurumlardan xahiş edirəm ki, COP29 zolaqlarının olduğu konkret küçələrin adlarını da yayımlasınlar”.
Nigar