“Suriyanın müharibə qərarı Türkiyə üçün ciddi təhdid ola bilməz” – PROQNOZ

“Suriyanın müharibə qərarı Türkiyə üçün ciddi təhdid ola bilməz” – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar rəsmi Dəməşqin ciddi narazılığına səbəb olub. Belə ki, Suriya XİN-i Türkiyəni işğalçı adlandıraraq, onun hərbi addımlarına cavab veriləcəyini bildirib.

Suriyanın Türkiyəyə qarşı cəbhə açması mümkündürmü? Rəsmi Dəməşqin açıq qarşıdurma qərarı türk ordusu üçün ciddi problemlərə səbəb ola bilərmi?

Politoloq Nəzakət Məmmədova məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 “Düşünürəm ki, Suriya hakimiyyəti, Əsəd Rusiyadan icazəsiz Türkiyəyə qarşı heç bir hərəkət edə bilməz. Əgər belə edəcəksə, deməli artıq Moskva ilə razılaşdırılıb. Hələ ki, Türkiyə və Rusiya öz mövqelərini yaxınlaşdırmış kimi görünürlər. Hətta kürdlər belə Rusiyanı onlara xəyanət etməkdə, Türkiyə ilə gizli razılığa gəlməkdə ittiham edirlər.

 Hazırda həm Rusiyanın, həm Türkiyənin, həm Əsədin əsas ortaq maraqları Suriyanın ərazi bütövlüyünün saxlanılması, kürdlərə dövlət yaradılmasına imkan verməmək və xarici qüvvələri, ilk növbədə ABŞ-ı sıxışdırıb çıxarmaqdır.

 Hazırda Astana prosesi üzvlərinin qarşısında Soçidə Suriyanın gələcəyinə dair razılaşma əldə etmək məsələsi durur. Rusiya Əsədə Türkiyə ilə vuruşmağa icazə versə, özü öz başladığı prosesi iflasa uğramış olacaq. Odur ki, hal hazırda bunun edilməsi inandırıcı görünmür. Yaxın gələcəkdə artıq Rusiya və Türkiyənin yolları ayrılsa, Suriya və Türkiyə arasında müharibə mümkündür.

Suriya hazırda öz ərazisinə tam nəzarət edə bilmir, buradan Türkiyəyə qarşı ciddi təhdidlər vardır və üstəlik ABŞ Türkiyə – Suriya sərhədində 30 minlik ordu yaratmaqla bu təhlükəni daimi vəziyyətdə saxlamağa çalışır. Belə bir vəziyyətdə Türkiyənin Suriya ərazisində əməliyyat aparmağa tam hüquqi əsası vardır.

Ola bilsin ki, gec-tez Suriya-Turkiyə diplomatik-siyasi qarşıdurması hərbi müstəviyə keçsin. Lakin bu, Türkiyə Afrində terrorçuları tam təmizləyib ABŞ-ın dayaq qüvvələrini zərərsizləşdirdikdən sonra baş tuta bilər. Rusiya özü də Türkiyə ilə bağlı hələ ki, nə BMT-yə şikayət edib, nə də onu qınayan bəyanatlar verib. Əksinə, olanlarda ABŞ-ı günahkar bilib. Odur ki, ümumi düşmən – ABŞ və kürd silahlı dəstələri ortadan qalxmasına Əsədin Rusiyaya qarşı ciddi addım atması inandırıcı deyil.

Suriya Türkiyə ilə müharibəyə başlasa, Türkiyə üçün ciddi təhdid ola bilməz. Çünki Suriya hökumət qüvvələri bir neçə ildir ki, vətəndaş müharibəsindən yorulmuş, tükənmiş bir ordudur. Lakin unutmaq olmaz ki, Rusiya, İran və Hizbullah Əsədə indiyədək etdikləri kimi bundan sonra da kömək edə bilərlər. Odur ki, Türkiyə və Azad Suriya Ordusu ilə Suriya, Rusiya, İran və Hizbullah üz-üzə gələ bilərlər. Belə olarsa, faktiki Suriyada NATO ölkəsi ilə Rusiya, İran vuruşmuş olacaqdır. Lakin gərginliyin bu həddə çatacağı inandırıcı görünmür. Çünki Türkiyənin istədiyi əsas kürd dövlətinin yaranmasının qarşısını ardını almaq və PYD-YPG-PKK-nı məhv etməkdir. Suriya, İran da bunu istəyir. Rusiyanın isə məqsədi Suriyanı parçalanmaqdan qoruyub Əsədi hakimiyyətdə saxlamaqdır. Odur ki, dərin ziddiyyətlər hələ ki, görünmədiyi üçün Suriya və Türkiyə arasında müharibə inandırıcı deyil”.

TİA.AZ