backend

Suriya müftisinə QMİ-dən Qarabağla bağlı ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassounun Dağlıq Qarabağ haqqında söylədiyi fikirlərə münasibət bildirib. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassounun Dağlıq Qarabağ haqqında söylədiyi fikirlərə münasibət bildirib.

S.Həsənli Publika.az-a deyib ki, Suriyanın baş müftisi ermənilərin təsiri ilə bu cür fikirlər səsləndirib:

“Bilirsiz ki, Suriyada, Livanda və İordaniyada erməni diasporu güclü səslə malikdir. Suriyada dünyanın ən qədim Həmidiyyə adlanan bazarı yerləşir. Bu bazarın bütün qızıl-gümüş ticarəti ermənilərin əlindədir. Buna görə də onların istər Hafiz Əsəd, istərsə də Bəşər Əsəd dövründə hakimiyyətə nüfuz etmək imkanları olub. Hətta, bu gün ermənilər Bəşər Əsədə hərbi əməliyyatlar üçün maddi yardımlar da edirlər. Çox təəssüflər olsun ki, bir sıra ərəb ölkələrində ermənilərin fəal fəaliyyəti nəticəsində Qarabağ həqiqətləri gizlədilmiş qalıb. Ermənilərin güclü təsirinə görə bu ölkələrdə Qarabağ haqqında həqiqətlər ərəb xalqlarına çatdırıla bilmir. Eyni zamanda həmin ərəb ölkələrində beynəlxalq təşkilatlarda da Qarabağla bağlı qəti mövqe ortaya qoya bilmirlər. Dağlıq Qarabağ müharibəsi başlanan gündən bəri biz bir sıra ərəb ölkələrindən sözdə belə dəstək görməmişik. Həmin ərəb ölkələrinin parlamentləri də Dağlıq Qarabağ məsələsi ilə çox zəif çıxışlar ediblər”.

QMİ-nin sədr müavini qeyd edib ki, ərəb ölkələri ilə Azərbaycanı birləşdirən İslam faktoru var:

“Ərəb ölkələri ən azı İslam dininə görə Dağlıq Qarabağ məsələsində Azərbaycanı birmənalı olaraq dəstəkləməlidir. Ancaq çox təəssüf ki, həmin ölkələr bunu anlamaq istəmirlər. Səbəb isə məlumdur. Çünki həmin ərəb ölkələrinin bir qismi ABŞ-ın, digər qismi isə Qərbi Avropa dövlətlərinin bilavasitə təsiri altında hərəkət edirlər. Ona görə də burada xristian faktoru həlledici rol oynaya bilir. Təbii ki, bütün bunlar da çox böyük təəssüf hissi doğurur”.

S.Həsənli vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində zaman-zaman təklənib:

“Müsəlman ölkələrindən Türkiyə və Pakistan hər zaman açıq şəkildə Azərbaycanın haqlı mövqeyinə dəstək veriblər. Ancaq biz bu dəstəyi digər müsəlman və ərəb ölkələrinin əksəriyyətindən görməmişik. Misal üçün, 20 yanvar hadisələri zamanı da ərəb ölkələrinin əksəriyyəti baş verənlərə susaraq, mövqe bildirmədi”.

Xatırladaq ki, Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassoun Rusiya KİV-nə müsahibəsində mübahisəli ərazilərdən danışarkən deyib ki, Qarabağ erməni torpağıdır:

“Burada başqa mübahisəyə ehtiyac yoxdur”..

Qarabağı nümunə göstərən müfti bildirib ki, müstəqillik, regionun tarixi keçmişi xalqın əsas motivasiyasıdır:

“Ümumiyyətlə, hansı mübahisəlilikdən danışmaq olar? Şəxsən mən müstəqillik və azadlıq məsələsində Qarabağ xalqını dəstəkləyirəm. Bir daha qeyd etmək istəyirəm ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, xalqın iradəsi ilə bağlıdır”.