TİA.AZ bildirir ki, süni düyüdən sonra, son günlər süni yumurta cəmiyyətdə çaşqınlıq yaradıb. TİA.AZ bildirir ki, süni düyüdən sonra, son günlər süni yumurta cəmiyyətdə çaşqınlıq yaradıb.
Gündəlik qida rasionunda önəmli yer tutan yumurtanın sünisinin hazırlanması və onun normal yumurtadan fərqləndirilməsinin çətinliyi insanları çaşbaş salıb.
İnsanların tək dərdi Çin istehsalı olan bu süni məhsulları təbiidən ayırmaq deyil. Süni, bədənimiz üçün yad olan bu yumurtaların qəbulunun böyüklərdə sinir sistemi xəstəliyinə, uşaqlarda əqli geriliyə səbəb olduğu deyilir.
Bəs süni düyü və yumurta insan bədəninə necə təsir edə, hansı xəstəliklərə səbəb ola bilər?
Terapevt Elnur Rəhimov Publika.az-a bildirib ki, süni qidalar insan bədənində həzm edilmir və toksiki maddəyə çevrilir: “İnsanın qəbul etdiyi qidaların tərkibi süni olduqda bədəndə həll olmur, sərbəst radikallar yaradır. Bu radikallar toksik maddələrə çevrilir. Çünki insan bədəni təbii qidalara uyğun formalaşıb. Orqanlar süni qidanı qəbul edə, onu normal həzm edə bilmir. Bu cür qidaların qəbulu qısa zamanda nəticəsini göstərmir. Məsələn, siz süni yumurta, düyü və digər qidalar qəbul edən kimi bədən reaksiya vermir. Ona görə də insanlar elə düşünür bu qidaların heç bir zərəri yoxdur. Əksinə bu yad maddələr bədəndə əsasən qaraciyər, böyrəklər, bağırsaqlarda toplanır. Mütəmadi bu cür qidalar qəbul etmə xroniki xəstəliklərə səbəb olur. Sonra hər hansı xəstəlik yarananda problemlər ard-arda üzrə çıxır. Bu, yalnız süni düyü və yumurta ilə əlaqədar deyil, digər süni qidaları qəbul edəndə də oxşar əlamətlər müşahidə olunur. Qida əlavələri bədəndə parçalanmır, onlar yalnız biostimulyatora çevrilir ki, bu da bədəndə xərçəngəbənzər hüceyrələrin inkişafına təsir edir”.
E.Rəhimov onu da vurğulayır ki, süni qidaların qəbulu əqli inkişafı ləngidir: “Beynin inkişafı qəbul etdiyimiz karbohidrat, zülallarla bağlıdır. Qəbul etdiyimiz yumurta zülal, karbohidrat tərkibli deyilsə, o zaman əqli geriliyə səbəb olur”. Digər terapevt Elçin Hüseynzadə hesab edir ki, qəbul etdiyimiz süni qidaların tərkibinin bəlli olmaması onun təsiri barədə dəqiq fikir bildirməyə imkan vermir: “Süni qidaların zərəri onların hazırlandığı maddələrdən asılıdır. Məsələn, normal yumurtanın ağı və sarısı əsasən zülaldan ibarətdir. Hətta zülal sözünün mənası yumurtanın ağı deməkdir. Süni əldə edilən yumurtada zülalın miqdarı normal olmazsa, bədəndə balans pozulur. İnsan bədənində zülal, karbohidrat və yağların mübadiləsi gedir. Bununla da bədəndəki bütün biokimyəvi prosesləri tənzimlənir. Kartof, çörək və yumurta vasitəsilə zülal qəbul etməmək daha çox endikrinoloji, hormonal problemlərə səbəb olur. Zülal insan bədənində həm də böyümə hormonu yaradır. Onun çatışmazlığı fiziki inkişafı da ləngidir”.
Nevropatoloq Hüseyn Soltanovun fikrincə, süni qidalar təkcə uşaqlar deyil, xüsusən də ana olmağı planlaşdıran qadınlar üçün də zərərlidir: “Bir qadın hamiləlikdən əvvəl iki il ərzində qidalanmasına fikir verməlidir. Konservləşdirilmiş, süni qidalar doğulacaq uşağın əqli inkişafına birbaşa təsir edir. Embrionun ilk olaraq sinir hüceyrələrinin formalaşdığını nəzərə alsaq, ananın bədənində toplanan maddələrin əhəmiyyətini dərk etmiş olarıq. Bu inkişaf üçün qadın bədənində B vitaminləri kifayət qədər olmalıdır. Həmin vitaminlərin çatışmazlığı beyin qan dövranının inkişafına, əqli geriliyə səbəb olur. Son illərin ən çox yayılmış xəstəliklərindən hesab olunan autizmin əsas səbəblərindən biri sinir sistemi yetərsizliyi, dolayısı ilə B qrup vitaminlərin çatışmazlığı ilə bağlıdır. Ötən əsrin 50-ci illərində hər 50 min uşaqdan biri, 90-cı illərdə hər 10 min uşaqdan biri autizm olurdu. Bu gün isə Təkcə Cənubi Koreyada hər 50, ABŞ-da hər 62 uşaqdan biri autizmdir. 2025-ci hər iki uşaqdan birində autizm olacaq. Autizm səbəblərindən yalnız birinin B qrup vitaminlər çatışmazlığı hesab olunsa belə, bu çox ciddi məsələdir. Hətta bu yalnız bir məqalə yox, dövlət proqramı səviyyəsinə qaldırılacaq məsələdir”.
Nevropatoloqun sözlərinə görə, B qrup vitaminlər çatışmazlığı həmçinin uşaqlarda epilepsiya, hiperaktivlik kimi problemlərin artmasına gətirib çıxarır: “Yalnız sadaladığımız 3 xəstəlik cəmiyyətin bəlasına çevrilib. Bu da süni qidalanmanın nəticələri”.