Sumqayıtlı pensiyaçı çempion:”Şahmat mənim gəncliyimi əlimdən aldı, amma peşiman deyiləm…”(MÜSAHİBƏ)

Sumqayıtlı pensiyaçı çempion:”Şahmat mənim gəncliyimi əlimdən aldı, amma peşiman deyiləm…”(MÜSAHİBƏ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatdan, şahmatla məşğul olduğum uşaq vaxtlarından-80-cı illərdən tanıdığım İlqar Şiriyevin Dövlət Sosial Müdafiə Fondu tərəfindən təşkil olunan pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Ümumrespublika Şahmat Turnirində qalib olmasına eşidəndə çox sevindim. Üçüncü qrup əlil olan, ömrünü demək olar ki, şahmata həsr edən 51 yaşlı İlqar bu qələbəyə layiq idi. Mənim də şahmata böyük marağım olduğundan bizim tanışlığımızda şahmat mövzusu əsas mövzulardan biri olub.

Qərara aldım ki, çox sadə insan olan İlqarla görüşüb söhbətləşim.

– İlk olaraq bir qədər gec də olsa təbrik edirəm. Bildiyimiz kimi sən Pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat Turnirinin qalibi olmusan. Necə oldu bu yarışmaya qoşuldun və neçə mərhələ keçdin finalacan?

-Təşəkkür edirəm. Yarışmaya təsadüfən qoşuldum. Mən Sumqayıtda Heydər parkında açıq havada oynalılan küçə şahmatını izləyəndə bir neçə dəfə DSMF-nin işçiləri yaxınlaşıb belə bir yarışda oynamağı təklif etdilər. Birinci o qədər də maraq göstərmədim açığı. Sonradan bir neçə dəfə tanış şahmatçılar təkid edəndən sonra bu ilin apreli gedib adımı qeydiyyata  saldım və 16 apreldə Sumqayıt  Şahmat Məktəbində Abşeron-Xızı Regional Filialı üzrə yarış başladı.

Mən hər oyuna nəzarət vaxtı 10 dəqiqə verilən rapid üzrə seçmə turnirdə, 9 oyundan maksimum – 9 xal yığıb qalib gəldim.

-Güclü rəqibin var idi?

-Bir güclü  rəqib oldu ona da qalib gəldim. Həmin iştirakçı 2-ci yerə çıxdı.

Sonra 22 apreldə zonalar üzrə ən güclü 21 oyunçu Bakıda, Əhmədlidə  yarımfinal oyununa vəsiqə qazandı. Onlardan 2-si müəyyən səbəblərdən bu  yarışda iştirak etmədi.

Mən 19 oyunçu arasında rapid üzrə yenə 9 oyundan 9 xal yığaraq finala çıxdım. Final 18 mayda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 4 nəfər arasında oldu.10 dəqiqə +3 saniyə sistemi ilə keçirilən finalda hər oyunçu bir-biri ilə 2 dəfə görüşdü.Burda da mən maksimum nəticə- 6 oyundan 6 xal yığdım, heç-heçə belə etmədən və turnirin qalibi oldum.

-Turnirdə ümumilikdə 1494 iştirakçı yarışıb.İnanırdın qalib gələcəksən?

-Artıq Sumqayıtda qalib gələndən sonra və Bakıdakı yarışlarda oyunçuların oyununu izləyəndən sonra hiss elədim, məndə inam yarandı ki, qalb gələcəm.

Potensial rəqiblər məndən elə də güclü deyildi.

-Bildiyimə görə bu yarışdan əvvəl Sumqayıt bələdiyyəsinin təşkil etdiyi yarışda da qalib gəlmisən.

-Elədir 19-20 apreldə keçən o yarışda da 9 oyundan 9 xal qazanaraq ən güclü oldum

-Hansı yarışlarda iştirak etmisən bu vaxtacan?

-Pandemiyadan əvvəl 2019-cu il fevral ayında Sumqayıt Şahmat məktəbinin əsasını qoymuş, məktəbin ilk direktoru və ilk müəllimlərindən olan Hamlet Rzayevin xatirəsinə həsr olunmuş Sumqayıt birinciliyində reytinqli turnirdə iştirak etmişəm və 9 oyundan 6 xal toplamışam və  6-cı yerə çıxmışam. Ayrı-ayrı vaxtlarda Tempo turnirlərdə, sürətli şahmat oyunu üzrə yarışlarda iştirak etmişəm, indi də iştirak edirəm.

-Küçə şahmatı da oynamısan? Neçə baxırsan bu şahmata?

-Əslində yaxşıdır belə şahmatın olmağı.İnsanlar maraqlanır, ən azından şahmatdan anlayışı olmayan insan, valideyin belə keçəndə  görür, özü nəsə öyrənir, şahmata həvəs yaranır, maraqlanır, ola bilsin ki, sonra kimsə övladını şahmata yönləndirir. Yaşlı insanlar, gənclər də həmçinin vaxtını səmərəli keçirir. Amma küçə şahmatı ənənəvi şahmatdan fərqlidir, çünki ilk zamanlar adamın gözü uyğunlaşa bilmir, kobud səhv edir.

Mən də oynamışam küçə şahmatı, amma o klassik şahmatın yerini vermir və orda blits oynamaq olmur.

-Bütün dövrlərin ən yaxşı şahmatçısı kimi sayırsan?

-Mənim üçün dünyanın ən güclü şahmatçısı 13-cü dünya çempionu Harri Kasparovdur. Onun rekordunu hələ də qıran olmayıb. Düzdür Magnus Karlsen, Fişer kimi şahmatçılar da çox güclü sayılır amma mənə görə ən güclü Kasparovdur.

Qələbələrn sayına və dəqiq hesablamalarına görə kompüter  də vaxtı ilə onu 1-ci yerə çıxarıb.

-Amma Şəhriyar Məmmədyarov onu 7 gedişə məğlub etdi… İndi Kasparov ümumiyyətlə ciddi heç bir nəticə göstərə bilmir.

-Düzdür, amma aydındır ki, qocalıb, yaş öz sözünü təbii ki, deyir. Kasparov vaxtı ilə öz dövrünün ən yaxşı yaxşı şahmatçısı olub.

-Bu yarışdan sonra əlillər, pensiyaçılar arasında dünyada keçirilən yarışlarla maraqlanmısan?

Ölkəmizi əlilər və ya pensiyaçılar arasında keçirilən beynəlxalq yarışlarda təmsil etmək istərdinmi ?

– Açığı əvvəl belə yarışların keçirilməsi haqda məlumatım olmayıb. Sonradan məni Şahmat Federasiyasına, öz sonuncu oyunumu şərh etmək üçün ”Şahmat klubu” verilişinə dəvət etdilər, orada həmin verilişin uzun illər aparıcısı olan, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla söhbət etdim və Azərbaycanı  bu tip yarışlarda məmnuniyyətlə təmsil edib, yaxşı nəticə verəcəyimə inandığımı bildirdim və mənə belə yarışlar olduqda iştirak üçün mütləq məlumat verəcəklərini bildirdilər.

-Gözdən əlil olmaq şahmat oyununa əngəl olur?

-Mənə elə də ciddi əngəl olmur. Mən hətta gözüyumlu da şahmat oynaya bilirəm.

-Şahmatı necə təbliğ etmək lazımdır ki, populyarlaşsın?

-Gənclər və İdman Nazirliyi İdman nazirliyi şahmatın inkişafına  diqqət yetirməlidir. Bizdə futbola, boksa, güləşə daha çox diqqət ayrılır. Bəzən şahmatı idman növü kimi belə saymırlar, amma şahmat da  idman növüdür,o da idmanın bir qoludur. Həm də şahmat intellektual oyundur. Buna görə də şahmatın təbliğatı futbol, güləş, boks və s. Idman növləri kimi, paralel təbliğ olunmalıdır.

Bakını saymasan hər şəhərdə,ən azı 2 şahmat məktəbi olmalıdır. Bakıda bildiyimiz kimi şahmat məktəbləri çoxdur. Orta məktəblərdə şahmat dərsinin fənn kimi tədris olunmağının tərəfdarıyam. Dövlət bu haqda əslində proqram hazırlayıb. Bildiyimə görə bu proqramın icrası Bakıdan başlanılacaq, bunun üzərində  artıq iş gedir. Şahmat yarışları ümumiyyətlə az keçirilir. Dövlət kanalında məsələn ”Şahmat klubu” verilişi həftədə 1 dəfə yox, çox olmalıdır. Digər kanallarda şahmata yer ayrılmalıdır. Yüksək səviyyəli şahmatçılar  verilişlərə dəvət olunub öz oyunlarını nümayiş etdirsələr daha yaxşı olar.

-Türkiyədə YouTube-da şahmatla bağlı kanallar var ki, 100 mindən çox abunəçi var.Bizdə isə yoxdur belə kanallar. Halbuki biz şahmatda daha irəlidəyik.

-Bizdə kanallar olsa da onlar da yaxşı təhlillər etmirlər, səviyyəli deyil.

-Şahmata maraq, tələbat yoxdur bizdə, yoxsa necə?

-Əslində maraq var. Təbliğat artırmaq lazımdır. Qrossmeysterlərin çıxışları olmalıdır, şahmatla bağlı məlumatlar çoxalmalıdır.

-Yadıma gəlir saytlar, kanallar Teymur Rəcəbovla Aronyana qarşı oyunu diqqətdə saxlayanda çoxları izləməyə başladı şahmatla yaşadı.

-Elədir.

-Oyun üslubun necədir, hansı debütlərə üstünlük verirsən? Bildiyimə görə sürətli şahmatı xoşlayırsan?

-Açıq debütlər oynamağı sevirəm. Mövqe oyunu yox, daha çox taktiki gedişlərdən istifadə edirəm. İstər ağ, istərsə də, qara fiqurlarla oynadıqda hücum oyununa üstünlük verirəm.

-Ölkədə şahmatın vəziyyətini necə qiymətləndirirsən?

-Ha-hazırda şahmatın durumu elə də yaxşı deyil. Düzdür bir ara bizim şahmatda yüksəliş oldu, amma yenə enişə doğru getməkdədir. Şəhriyar, Teymur ilk onluqdan ilk iyirmiliyə doğru geriləyiblər. Onlar şahmat karyeralarını bitirdikdən sonra onların mövqeyinə hələ hansısa bir namizəd görünmür. Nə qadınlarımızda nə də kişilərimizdə. Hal-hazırda Azərbaycanda şahmatın vəziyyətini orta-stabil adlandırmaq olar. Amma sovet dövrü ilə müqayisədə şahmat Azərbaycanda inkişaf edib. Əvvəlki illərə baxanda indi çoxlu sayda gənc qrossmeysterlər var ,ancaq potensial dünya çempionu ola biləcək şahmatçılar yoxdur. Sumqayıtda da şahmatın durumunu orta adlandırmaq olar. Hal-hazırda Sumqayıtdan qrossmeyster Misrəddin İsgəndərovu , bir neçə beynəxalq dərəcəli şahmatçılar- Rəvan Əlyev, İbrahimli Murad, Uğur İlyaslı kimi şahmatçıların adını çəkmək olar.

-Şahmat sənə nə verib, ümumiyyətlə insana, uşaqların inkişafında necə rol oynayır?

-Şahmat mənim gəncliyimi əlimdən alıb. 10 il Sumqayıt Mərkəzi Poçtunda işləmişəm. Amma şahmat ən vacib işim olub mənim üçün. Mən şahmatı hobbi kimi öyrənməmişəm. Şahmatla dərindən məşğul olmuşam. Əslində gəncliyimi itirmişəm amma ki, dərindən düşünməkdə, həyatda qarşılaşdığım hansısa çətinliklərdə, həll yolu tapmağda mənə çox kömək olub. Şahmatın ziyanı yoxdur. Gəncliyimi əlimdən alsa da şahmatla məşğul olmağıma görə peşiman deyiləm. Şahmat uşaqların məntiqini gücləndirir. Şahmat beynin gimnastikasıdır, insanı daim düşünməyə vadar edir, iradəni gücləndirir

-Şahmata necə gəlmisən və nə nəticələr qazanmısan? Nə gücündə oynayırsan?

-Şahmata gəlməyimə səbəb qardaşım idi. Ailəmiz böyük idi. 4 qardaş, 3 bacı hamımız şahmat oynaya bilirdik. Böyük qardaşım Vüqar 10 yaşımda mənə şahmat oynamağı öyrətdi.Bicə dəfə onu udandan sonra məndə şahmata maraq oyandı. Mənim şahmat müəllimim olmayıb, heç şahmata da getməmişəm. Sadəcə o zaman dəniz kənarında olan Sumqayıt şahmat məktəbinə gedib -gəlmişəm, orda müəllimlərdən kitablar götürmüşəm. Şahmatla evdə, kitablarla məşğul olmuşam. 90-cə illərdə yarışlarda –Sumqayit birinciliyində oynamışam, amma elə də güclü nəticəm olmayıb. Sumqayıtda yarımfinallara çıxmışam, finallarda məğlub olmuşam. Rəsmi dərəcəm olmayıb. O zaman təxmin ediblər ki, 1-ci dərəcə gücündə oynayıram.

Hamlet Rzayevin xatirəsinə həsr olunmuş Sumqayıt birinciliyindən əvvəl 0 olan reytinqimi yarışdan sonra 1509 reytinqə qaldıra bilmişəm. Hal-hazırda ustalığa namizəd səviyyəsində oynayıram. Rapid turnirlərdə 2050 reytinqlə başlayıram. Rapid və blitsə daha çox üstünlük verirəm.

-Niyə uşaqlarda şahmata maraq başqa idman növlərinə nisbətən azdır?

-Uşaqların şahmata sevgisinə gəldikdə,hə əlbəttə ümumən , maraq çox azdır. Mənim fikrimcə şahmat zəngin və çətin olduğuna görə maraq azalır. Bizdə də çətinliyə yox , asan yola əl atırlar. Şahmat oyunu həm uzun çəkir, həm də düşüncə tələb edir deyə maraq göstərən də çox azdır. Cəmiyyətin daha çox, tez başa çatan oyunlara marağı var. Futbola olan maraqla şahmata olan marağı müqayisə etsək şahmata olan maraq futboldan qat-qat aşağıdır. Bunun səbəbi kimi onu deyərdim ki, futbolun nəticəsi şahmata baxanda tez başa çatır. Bir futbol oyununun müddəti 90 dəqiqə çəkir, şahmatda isə bir oyunun müddəti  saatlarla çəkə bilər. Bu da insanlara darıxdırıcı gəldiyi üçün şahmata maraq azdır. Gəlir kimi baxsaq, yenə də görərik ki, şahmat digər idman növlərindən geri qalır. Şahmatdan idmançının qazandığı gəlirə baxsaq görərik ki, digər idman növlərindən aşağı məbləğlərdir. Uşağını şahmata yazdıran valideyinlər uşaqlarının düşünməsini istəyir və bir qayda olaraq  bu səbəbdən şahmata yazdırır.

-Bildiyimə görə  fərdi qaydada şahmat məşqçiliyi ilə məşğul olursan.Ümumiyyətlə şahmat sənə pul gətirir?

-Hal-hazırda  kursda, fərdi qaydada  şahmat müəllimi kimi fəailliyyət göstərirəm.Yaxşı nəticə verən tələbələrim də var. Amma bu  iş mənə çox cüzi qazanc gətirir. Demək olar ki, əsas gəlirim aldığım 320 manat pensiyadır.Yarışlarda qazandığım pul stabil deyil və elə də çox olmadığından onunla dolanışığı təmin etmək  mümkün deyil. Əlbəttə şahmatla pul qazanmaq ,normal dolanmaq yaxşı olardı. Amma mən şahmata gəlir mənbəyi  kimi baxmadığıma görə bu mənim üçün əsas deyil.

-Planların nədir?

-Qarşıda yarışlar olacaq. Məsələn, Hamlet Rzayevin xatirəsinə həsr olunmuş Sumqayıt birinciliyi olmalıdır  bu il. Həmin yarışda iştirak edib nəticə göstərib respublika çempionatına vəsiqə qazanmağa çalışacam. Tempo yarışlarında iştirak, əgər olarsa əlillərin və pensiyaçıların yerli və beynəlxalq yarışlarda  iştirak etmək. Məşqçilik fəaliyyətimi də  olduğu kimi davam etdirəcəm.

-Sənə uğurlar, maraqlı müsahibəyə görə təşəkkürlər!

-Sənə də təşəkkür edirəm!

Söhbətləşdi:İmran Kərimli

Tribunainfo.az