Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb.
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, Polis İdarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun kanalizasiya dəliyi olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil həmin çuxura düşüb və maşına ziyan dəyib.
Qeyd edək ki, hadisəyə səbəb qəza baş verən ərazinin yaxınlığında yerləşən “Uğur” MTK şirkətinə məxsus binaya qaz xəttinin çəkilişi zamanı borular keçən ərazinin torpaqla doldurulmadan üzəri taxta parçasıyla örtülməsidir. Asfaltlama zamanı ərazinin alt hissəsi boş qaldığından çökmə hadisəsi baş verib. Bunları Xeberle.com-a hadisə haqda məlumat verərkən “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz istismar İdarəsininbaş mühəndisi Teymur Balıyev bildirib. Baş mühəndis həmçinin söyləyib ki, hadisə baş verən ərazidə hazırda problemin aradan qaldırılması istiqamətində “Uğur” MTK şirkəti tərəfindən təmir bərpa işləri aparılır.