Zeyqəm – İlyas cütlüyünün qanunazidd əməlləri etirazlara səbəb olub
Zeyqəm – İlyas cütlüyünün qanunazidd əməlləri etirazlara səbəb olub
Sumqayıt şəhər məhkəməsində baş verən xoşagəlməz olaylardan bəhs etmişdik. Realliq.info olaraq məhkəmənin sədri Zeyqəm Hüseynovun qanunlara sayğısızlığını qeyd etməklə aidiyyatı qurumların diqqətini cəlb etməyə çalışmışıq. Qocalmış Zeyqəm Hüseynovun məhkəmə binasının ikinci mərtəbəsinə köməksiz qalxa bilməməsi reallıqdır və xoş olmayan mənzərədir.
Lakin təəssüflər olsun ki, Sumqayıt məhkəməsində baş verənlərə qarşı heç bir tədbir görülməmiş və Zeyqəm Hüseynov, İlyas Mahmudov kimi hakim olanların qanunsuz əməllərinin genişlənməsinə şərait yaradılmaqdadır. Bu iki şəxsin özbaşınalığı sumqayıtlıların ciddi narazılığına səbəb olub. Ardı-arası kəsilməyən şikayətlər, məhkəmə prosesləri zamanı müxtəlif etirazlar nə Zeyqəm Hüseynovu, nə də ki, İlyas Mahmudovu narahat etmir.
Məhkəmə Hüquq Şurası dəfələrlə Sumqayıt məhkəməsinin hakimi İlyas Mahmudova xəbərdarlıq və töhmət elan etsə də bu şəxs yenə öz qanunsuz əməllərini davam etdirməklə Zeyqəm Hüseynovun şəxsi maraqlarını qanunlardan yuxarı tutur.
Sumqayıt məhkəməsinə müraciət edən vətəndaşlar dəhşətli mənzərə ilə üzləşirlər. Ərizələrin çoxunu İlyas Mahmudovun icraatına verən sədr öz qanunsuz tələblərini də bu hakim vasitəsilə irəli sürür. Vətəndaşlar İlyas Mahmudov və Zeyqəm Hüseynovun qanunsuz tələblərindən cana doyublar.
Sumqayıt şəhər məhkəməsinin qanunsuz qərarlarından şikayətlərin sayı günü-gündən çoxalır, etirazlar artır. Dünən redaksiyamıza daxil olan müraciətlərdə buna misal çəkilə bilər. Vətəndaşlar üz tutduqları ünvanlarda haqsızlıqlara son qoyulmasını istəyirlər. Zeyqəm Hüseynovun özbaşınalığına son qoyulması üçün Məhkəmə Hüquq Şurasına üz tutan insanlar haqq ədalət axtarırlar. Lakin, Zeyqəm Hüseynov toxunulmaz birinə çevrilib.
Realliq.info – ya üz tutan vətəndaşlardan biri də Sumqayıt şəhər 2-ci məhəllə – də yaşayan İsmayılova Aytən Vaqif qızıdır. Aytən xanım da ailəsinin Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov tərəfindən haqsızlığa məruz qaldığını yazır. Vətəndaş ərizəsində qeyd edir ki, 6 ildir ağır xəstə olduğu üçün atasının qəyyumluğunda olan əmisi İsmayılov Vidadi 1984 –cü ildə Quliyeva Məqsudə Qəzənfər qızı ilə nigah bağlayıb. 1992 – ci ildə onlar rəsmi qaydada boşanıblar və birdə görüşməyiblər. Lakin Quliyeva Məqsudə 14 sentyabr 1997 – ci ildə Lalə adında qızı dünyaya gətirib. Vətəndaşın bildirdiyinə görə, qızın atasının əmisi olmadığı halda onlar indi Sumqayıt şəhər məhkəməsində iddia qaldıraraq “Atalığın tanınması faktının müəyyən edilməsi”ni istəyiblər: “Atamın qəyyumluğunda olan əmim Vidadi İsmayılovdan illər öncə ayrılan və ayrıldıqdan 5 il sonra uşaq dünyaya gətirən Quliyeva Məqsudənin indi “Atalığın tanınması faktının müəyyən edilməsi”ni məhkəmədən istəməsi gülünc idi. Əmim xəstələnəndən sonra Məqsudənin bu istəyini başa düşdük. Bilirdik ki, o əmimin mirasına sahib çıxmaq istəyir”.
Məhkəmə işi icraata qəbul edir və işə “məşhur” İlyas Mahmudov baxır. Aytən xanım qeyd edir ki, hakim onların heç bir vəsatətini qəbul etməyib və uşağın atasının müəyyən edilməsi üçün DNT analizinin keçirilməsini rədd edib: “Hakim İlyas Mahmudov qaldırdığımız vəsatətləri qəbul etmədi. Baxmayaraq ki, əmim xəstədir və onun heç vaxt uşağı ola bilməzdi. Lakin hakim atalığın təyin olunması ilə bağlı analizin keçirilməsindən də imtina etdi. İlyas Mahmudov qanunsuz olaraq hazırda ADA universitetinin tələbəsi olan Lalənin atasının əmim olması və ona alimentin ödənilməsi ilə bağlı qətnamə çıxartdı. Bu qanunsuz qərardan apellyasiya şikayəti verəcəyik. Hakim İlyas Mahmudovun cəzalandırılması üçün Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Belə ədalətsizlik olmaz. Sumqayıt şəhər məhkəməsində dəhşətli hadisələr baş verir. Insanlar Zeyqəm Hüseynov və İlyas Mahmudovun qanunsuz əməllərindən beziblər. Realliq.info saytının baş redaktorundan xahiş edirik bizə qarşı edilən haqsızlığı araşdırsın və ictimailəşdirsin”.
Biz Realliq.info olaraq Sumqayıt şəhər məhkəməsində baş alıb qanunsuzluqla bağlı araşdırmalarımızı davam etdiririk. Ölkə başçısının hakimlərə yaratdığı şərait yüksək olsa da bəzi hakimlər qanunsuz əməllərindən əl çəkmirlər. Zeydəm Hüseynov və İlyas Mahmudov kimilərinin qanunları saymaması və ədalət məhkəməsini bazara çevirmələri hamını narahat etməlidir. Bu şəxslərin haqsız qərarlarının qurbanı olan insanların müraciətləri cavabsız qalmamalıdır. Rüşvətxorlar məhkəmə sistemindən təmizlənmədikcə ədalətin bərqərar olunacağıana ümidlər azalır.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
TİA.AZ