Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Tribunainfo.az xəbər verir ki, “Qəbələ” doğma meydançasında “Sumqayıt”ı qəbul edib.
Görüşün taleyini 1 qol həll edib. “Sumqayıt”ın çadlı hücumçusu Kasimir Ninqa 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bunun sayəsində xallarını 30-a yüksəldən “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 2-ci pillədəki “Zirə”yə çatıb. “Qəbələ” isə 14 xalla sonuncu yerdə qərarlaşıb.
Tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, turun “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə “Kəpəz” “Turan Tovuz”a qalib gəlib – 2:1.