“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Sumqayıt şəhərində maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən keçirilən dəyirmi masada ekoloqlarla yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Təmizlik Departamenti, Yaşıllaşdırma İdarəsindən nümayəndələr, Sumqayıt Dövlət Universitetindən müəllim-tələbə heyəti, həmçinin QHT və KİV nümayəndələri iştirak edib.
Qeyd olunub ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üzrə müəyyənləşdirilmiş beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizidir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə əsas hədəf olaraq götürülüb. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Eyni zamanda vurğulanıb ki, ölkəmizin bütün ərazilərində, xüsusən Abşeron yarımadasında, Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların mühafizəsi və artırılması da əsas hədəflərdən biridir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub. İşlərin böyük hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Ağaclar meşə təsərrüfatlarında, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək. 2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərin və digər icra orqanlarının üzərindədir.
Qarşılıqlı müzakirə və sual-cavab formatında davam edən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilən ekoloji tədbirlər barədə məlumat verilib.