Azərbaycanı hazırda narahat edən əsas məsələ Aİ və ABŞ-ın regiondakı fəaliyyətləridir. Xüsusilə Aİ Qarabağda beynəlxalq missiyanın olmasını istəyir. Bu isə rəsmi Bakı üçün qəbuledilməz məsələdir. Azərbaycan Aİ sülhməramlı missiyasındansa Rusiya sülhməramlılarının Qarabağda olmasını daha məqbul hesab edir. Hətta vəziyyətdən asılı olaraq Rusiya sülhməramlılarının səlahiyyət müddəti 5 il daha uzadıla bilər. Təbii ki, bu vəziyyətdən asılı olaraq.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev deyib. Rus sülhməramlılarının Qarabağı hələ də tərk etməmə səbəbindən danışan ekspert qeyd edib ki, faktiki olaraq bu gün sülhməramlıların Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir əsas yoxdur, ancaq sülhməramlıların ölkəmizdə qalma müddəti 10 Noyabr bəyanatı ilə 5 il olaraq təsdiqlənib. Həmin müddət isə hələ bitməyib:
“Həmçinin Azərbaycan bu günə qədər Rusiya sülhməramlılarının ölkəni tərk etməsi istiqamətində rəsmi müraciət etməyib. Üstəlik, Qarabağda müəyyən sayda erməni yaşayır və Ermənistana köçən bəzi ermənilərin Qarabağa qayıtmaq ehtimalları da var. Bu baxımdan sülhməramlıların qalması təbii sayılır.
Düzdür, ermənilərin çoxu Qarabağa qayıtmaq istəmir, ancaq ehtimal var ki, onlardan bəziləri qayıda bilər. Bakı da haqlı olaraq Qərbi azərbaycanlılar kartını aktiv saxlayır. Yəni Qarabağ erməniləri geri qayıdacaqsa, Qərbi azərbaycanlılar da Ermənistana qayıtmalıdır”.