Xəbər verdiyim kimi Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.
Tribunainfo.az -a açıqlama verən politoloq Elşən Manafov Almaniya prezidentinin səfərini şərh edib.
Politoloqun sözlərinə görə, Almaniya Avropada Azərbaycanın ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir. Hazırda Almaniya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında 8-ci yerdə qərar tutub. Dövlətlər arasında ümumi ticarət dövriyyəsinin həcmi keçən il 1 milyard 249 milyon dollardan yuxarı olmuşdur. Almaniyanın Azərbaycanda qeydiyyatdan keçmiş 249 şirkəti var ki, onlardan 166-sı hazırda aktiv fəaliyyət göstərir. Bunların arasında “Siemens”, “Mercedes-Benz” kimi məşhur şirkətlər də mövcuddur.
“Almaniya ilə ticari-iqtisadi sahədə münasibətlərimiz xüsusilə enerji təhlükəsizliyi sahəsində daha önəmlidir. Cənubi Qafqaz dövlətləri sırasında ticari dövriyyənin həcminə görə Almaniya ilə münasibətlərdə Azərbaycan ilk yerdədir.
Almaniya ilə diplomatik münasibətlərimiz 1992-ci ildə qurulsa da, münasibətlərdə mahiyyət etibarı ilə yeni mərhələnin əsası ümummilli lider H.Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı qoyulmuşdur. Prezident İ.Əliyevin 2004–2023-cü illər arasında bu ölkəyə etdiyi iki rəsmi və on bir işgüzar səfər münasibətləri yüksək səviyyəyə çatdırmış, qarşılıqlı faydalı əməkdaşlıq xarakteri kəsb etmişdir.
Almaniya Avropa Birliyinin iqtisadi baxımdan iki ən güclü dövlətindən biridir və Avropa ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycana böyük imkanlar vəd edir.
Təəssüf ki, Almaniya prezidentinin Cənubi Qafqaz ölkələrinə bu ilin mart-aprel aylarında gözlənilən on günlük səfəri qalmaqalla başlamışdır. İrəvana olan rəsmi səfərindən sonra prezidentin “Instagram” səhifəsində Qarabağdakı işğalçı rejimin bayrağının paylaşılmasını texniki səhv kimi qiymətləndirən Almaniya tərəfinin baş verənlərə görə təkzib verməməsi, üstəlik hələ də üzr istəməməsi rəsmi Bakıda haqlı olaraq narazılıq doğurub. Bununla bağlı Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona baş vermiş hadisə ilə əlaqədar Azərbaycan hökumətinin narazılığının Berlinə çatdırılması rica edilib. Almaniya prezidenti Ştaynmayerin İrəvanda Paşinyanla görüşü zamanı Qarabağda keçən il keçirilən antiterror əməliyyatı nəticəsində didərgin düşmüş erməni qaçqınlarına görə rəsmi Bakını məsul tutması isə münasibətlərin gələcəyini ciddi sual altına qoyur. Belə bir şəraitdə Almaniya tərəfinin baş verən hadisələrlə bağlı izahat verməməsi bu ölkənin prezidentinin Bakıya səfərinin məqsədəuyğunluğunu şübhə altına alır.
Hər halda, Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycanda insan hüquqları və guya siyasi müxalifətə iqtidar tərəfindən təzyiqlərlə bağlı iradları göstərir ki, hazırda yeni dünya nizamının müəyyən edilməsi ilə bağlı qlobalistlər və antiqlobalistlər arasında güclənən mübarizə Almaniya hökumətinin xarici siyasi kursuna ciddi təsir göstərir.
Almaniya Avropa Birliyinin digər iki üzvü – Fransa və Britaniya kimi, Avropa Birliyinin MDB məkanında yaşanan hadisələrə kifayət qədər radikal mövqe sərgiləməsə də (Ukraynaya Avropa sülhməramlılarının göndərilməsi, Rusiya ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdan tam imtina etmək və s.), görünür, rəsmi Bakının regionun təhlükəsizlik problemlərinin həllinə dair baxışları Cənubi Qafqazın geosiyasi arxitekturasının yenidən cızılmasını dəstəkləyən rəsmi Berlini tam mənada qane etmir. Ancaq hətta bu amil belə Almaniyanın Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq siyasətinə yenidən baxması anlamına gəlməməlidir. Xüsusilə 2017-ci ildə Azərbaycan və Avropa Birliyi arasında Cənub Qaz Dəhlizi ilə bağlı imzalanmış memorandumdan sonra, çünki rəsmi Bakı bu kəmərlə Avropa Birliyinə 2040-cı ilə qədər qaz ixracını iki dəfə artıracağı ilə bağlı öhdəlik götürüb. Bu da hazırkı geosiyasi reallıqlar kontekstində enerji təhlükəsizliyi sahəsində yarana biləcək problemlərdən sığortalanmaq üçün Avropa Birliyi, o cümlədən Almaniya üçün çox vacibdir”.
Dəniz Pənahova