Dövlət Statistika Komitəsi bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalına dair göstəriciləri açıqlayıb. Qurumun bununla bağlı yaydığı məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatıb.
Komitə bildirir ki, bu dövrdə, tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Belə ki, informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.
Onu da qeyd edək ki, 2016-cı ildə Azərbaycanda tikinti sektorunda 6004,4 milyon manatlıq məhsul istehsal olunub. 2017-ci ildə bu göstərici 6,6 milyard manata yüksəlib.
2017-ci ilin birinci rübündə ÜDM-in 1187,8 milyon manatı tikintidə istehsal olunub. Statistika Komitəsinin məlumatından isə aydın olur ki, bu il istehsal bundan 11,2 faiz az olub.
Maraqlıdır, hökumət ötən ildən tikinti sektorunda azalmanı dayandırmaq üçün iki mühüm layihənin icrasına başlayıb. Bunlardan birincisi Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsilə başladılan sosial evlər layihəsidir. Artıq yaxın həftələrdə bu layihə çərçivəsində inşa olunan mənzillərin ehtiyacı olanlara satışına başlanması nəzərdə tutulur. Layihənin icrasına dövlət tərəfindən 300 milyon manata yaxın vəsait yönəldilib. Həyata keçirilməsinə başlanan ikinci layihə köhnə yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli binaların tikilməsini nəzərdə tutan pilot layihədir. Hansı ki, paytaxtın bir neçə rayonunda bu layihənin icrası çərçivəsində onlarla bina sökülərək yenilərin icrasına başlanılıb. Statistika Komitəsinin açıqladığı məlumat faktiki olaraq hökumətin tikintidə azalmanın qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin, hələ ki, lazımi effekti vermədiyi rəyini formalaşdırır.
Qeyd edək ki, müstəqil ekspertlər Statistika Komitəsinin açıqladığı rəqəmlərlə razılaşmırlar. Belə ki, “MBA Group” Konsaltinq Şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun “Yeni Müsavat”a bildirdiyinə görə, tikinti sektorunda azalma deyil, əksinə, artım baş verib: “Onlar hesablamanı başqa metodologiya ilə aparırlar. Yəni tam başa çatmış, dövlət komissiyası tərəfindən təhvil alınmış tikililəri qeydə alırlar. Biz isə tikintinin bünövrəsi qoyulan kimi onu qeydə alırıq. Və bizim hesablamalarımıza görə, ötən ilin birinci rübünə nisbətən bu ilin eyni dövründə Bakı şəhəri üzrə yaşayış mənzillərinin tikintisi sahəsində ciddi – hardasa 30 faizədək artım var. Bu, bilavasitə pilot layihələrin hesabınadır. Məsələn, keçən il biz pilot layihələr üzrə 3 bina qeydə almışdıq, indi onların sayı 30-a çatıb”.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da hesab edir ki, rəsmi statistika tikinti sahəsindəki real vəziyyəti əks etdirmir: “Komitənin rəyi ilə razılaşmaq mümkün deyil. Çünki ötən ilin ikinci yarısından bəri tikinti və infrastruktur layihələrinə ayrılan dövlət vəsaitlərinin həcmi təxminən 25 faizədək artıb. Bundan əlavə, real sektora investisiya qoyuluşları da artıb. Bu halda azalmaya dair rəqəm necə əldə olunub, bunu deyə bilməyəcəm. Amma görünən odur ki, real vəziyyətlə rəsmi rəqəmlər arasında ziddiyyət var”.
Ekspertin sözlərinə görə, çoxmənzilli yaşayış evlərinin tikintisində ötən ilin birinci rübü ilə müqayisədə haradasa 14-15 faiz artım var: “Fərdi evlərin tikintisi, infrastruktur layihələri bura daxil deyil”.