Stalinin “atalar”ı – osetin, yəhudi, rus, erməni…backend

Stalinin “atalar”ı – osetin, yəhudi, rus, erməni…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazını vətənpərvər oxumuşlarımıza, komplo teori ustalarımıza minnətdarlıq ifadəsi ilə başlamaq istəyirəm. Nə yaxşı ki, onlar indiyə qədər Stalinin Azərbaycan türkü olduğunu iddia və “isbat” etməyiblər.

İndən belə kimsə bu işə çırmanacaqsa, qoy etməsin, eləməsin, adam əldən çıxıb, ermənilər Stalini “saf qanlı erməni” elan ediblər, atası da, anası da sırf erməniymiş.

Düzdür, günümüzə gəlib çıxan videolarda və fotolarda “ellər atası”nın sir-sifətində, eləcə də xasiyyətində bir damcı ermənilik yoxdur, amma bunu haylara kim sübut edə bilər? Çətindir.

Gürcülər mat-mat baxırlar, çünki osetinlər sübut ediblər ki, İosif Stalin əslində osetindir, ən azı yarı-yarıya. Heç demə, rəhbərin atası Vissarion (Beso) Qoriyə Osetiyadan köçüb gəlib və soyadı Cuqayev olmalıykən, “Cuqa”nın dalına “şvili” artıraraq gürcüləşib, Cuqaşvili olub.

Ruslar da bu xüsusda iddialıdır, deyirlər, İosif əslində Vissarionun oğlu deyil, böyük rus səyyahı Nikolay Prjevalskinin oğludur. Guya səyyah gəzə-gəzə gəlib Qoriyə çıxıb, orada bir varlı adamın qonağı olub, Stalinin anası Keke (Yekaterina) həmin evdə qulluqçu işləyirmiş. Nəticədə onlar sovet-rus imperiyasını 30 il idarə edəcək bir dövlət xadiminin dünyaya gəlməsi üçün çalışmalar ediblər.

Bu rəvayətin sənədləri – ifadələr, məktublar, nəzəriyyələr, bir də Stalin və Prjevalskinin fotoları var. Allah tərəfi, onlar fotoda bir-birinə çox oxşayırlar.

İosifin Vissarionun oğlu olmadığına dair bir versiya da var ki, o əslində, Gürcüstan yəhudisi David Pismamedovun oğludur, adı (İosif) da sırf yəhudi adıdır. Başqa bir versiyaya görə, Stalinin atası başqa bir dağ yəhudisidir və onun da adı Moris Efrussidir.

Ermənilər isə iddia edirlər ki, Stalinin anası Keke İosifi erməni sahibkar Adilxanovdan götürüb. Onların iddiasına görə, Keke özü də erməni qızıdır. Beləcə, Stalinin təmiz, bir qram qarışığı olmayan erməni olduğu anlaşılır. Bu barədə video ərsəyə gətirən erməni təəssüflə qeyd edir ki, bununla belə, Stalin ermənilərə qarşı yaxşı olmayıb, yəni manqurtluq edib, “əzəli erməni torpaqları olan Naxçıvan və Qarabağı” Azərbaycana verib. Ancaq hərdən onun damarlarındakı erməni qanı coşanda Mikoyana, Baqramyana iltifat edirmiş, hətta qızı Svetlananı Mikoyanın oğluna vermək istəyib.

Stalini özününküləşdirmək istəyənlər bir şeyi bilmirlər ki, ara yerdə o boyda kişinin anasını, mərhum Kekeni “quş” çıxardırlar.

Bir Stalin deyil, ermənilər knyaz Roman Baqrationu da erməniləşdirmək cəhdi göstərirlər. Tumanov adlı tarixçi hesab edir ki, baqrationlar da erməni baqratuniləri kimi erməni mənşəlidirlər – onlar erməni ervandilərinin nəslindəndirlər.

Movses Xorenatsi isə iddia edir ki, baqratidlər ailəsinin banisi kral Davuddur və 10-cu əsr erməni tarixçisi Hovhannes də həmin kralın nəslindəndir. Baqration da belə getdimi?

Məşhur rus sərkərdəsi Aleksandr Suvorov da, heç demə, erməni imiş, senator Vasili Suvorov və Avdotya Manukovanın ailəsində anadan olub.

İisus Xristosun erməni olduğunu iddia edən camaatdır, nə deyəsən? Sanki bütün məşhur tarixi adamlar bunlardan olsa, dünya birliyi yığılıb deyəcək ki, yığışıb Ermənistan imperiyası yaradaq, hamımız da onlara tabe olaq.

P.S. Stalinin nəvəsi Aleksandr Burdonski 2-3 il qabaq DNK analizi verib, məlum olub ki, onun nəslinin haploqrupu G2a-z6653-dür. Bu da o deməkdir ki, adam öz damarında osetin qanı daşıyır. (Hər millətin haploqrupu fərqlidir). Beləcə, Vissarionun qeyrətsiz, Kekenin yüngülməcaz qadın olması iddiaları puç olur.