Stalin Hitlerin hücumunu deyən generalı niyə hədələdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Almaniyanın SSRİ-yə müharibə elan etməsindən – Böyük Vətən müharibəsinin başlamasından 76 il ötür. 

Bu gün Almaniyanın SSRİ-yə müharibə elan etməsindən – Böyük Vətən müharibəsinin başlamasından 76 il ötür.


TİA.AZ  xəbər verir ki, 30 milyondan artıq insanın ölümünə səbəb olan müharibədə 700 minə yaxın azərbaycanlı iştirak edib. Onlardan 300 mini həlak olub.


İkinci Dünya müharibəsinin əsas hissəsini təşkil edən Böyük Vətən müharibəsi (1941-1945) dünyanın sonrakı taleyini müəyyən edən ən böyük və ən qanlı savaş idi.

Jurnalist Famil Cəfərli Feysbuk sosial şəbəkəsində TEAS PRESS-in tərtib etdiyi kitabdan bir hissəni paylaşaraq, sözügedən müharibənin başlaması haqda maraqlı faktı bölüşüb:

“…1941-ci il iyunun 13-də Jukovla Timoşenko Stalinə almanların fəallaşması barədə növbəti dəfə təlaşla məlumat verdilər. Stalin hirsli-hirsli dedi:

– Bu haqda fikirləşərik.

Səhəri gün Jukov səfərbərlik elanı ideyasını yenə ortaya atanda Stalin lap özündən çıxdı:

– Bu, Hitlerlə müharibə demək olacaq. Məni başa düşürsünüz, ya yox? Kəşfiyyatın hər dediyinə baş qoşmaq olmaz…

…İki gündən sonra Jukovla Timoşenko üç saat davam edən iclasda məsələni daha ciddi şəkildə qoyaraq Stalini əsəbiləşdirdilər. Stalin qəlyanını çıxarıb küpünü hirslə masaya döyəcləyərək külünü boşaltdı. Sonra qəfildən ayağa qalxıb Jukovun üstünə qışqırdı:

– Bura bizi müharibə ilə qorxutmağa gəlmisiniz, yoxsa indiyə qədər aldığınız mükafatlar sizə azlıq eləyir, ona görə yenə müharibə istəyirsiniz?

Rəngi avazımış Jukov əyləşdi. Lakin Timoşenko əl çəkmirdi. Stalin bir daha qəzəblə yerindən atıldı:

– Timoşenkonu hərbçi kimi tanımasaydım, çoxdan güllələtdirmişdim. O, gözəl insandır. İri başı var, amma beyni başına görə çox kiçikdir…”

Famil Cəfərli SSRİ lideri Stalinin aldığı kəşfiyyat məlumatlarına inanmadığını göstərən daha bir faktı açıqlayıb:

“Stalin Tokioda fəaliyyət göstərən peşəkar kəşfiyyatçı, məlumat toplamaq üçün sevgi macəralarından məharətlə istifadə edən Rixard Zorgeni də yıxıb-sürüməkdən çəkinmədi.

– Bu yaramaz Yaponiyada fabrik, fahişəxana işlədir. İndi də durub deyir ki, guya almanlar iyunun 22-də hücum edəcəklər. Mən durub onun dediyinə inanmalıyam?”

Əlbəttə, Stalin müharibənin başlayacağını bilirdi, lakin bunun 1942-ci ildən tez olacağını düşünmürdü. Ona görə də bu kəşfiyyat məlumatlarını hər vəchlə rədd edirdi.

Əslində, müharibənin başlamasından bir ay əvvəl – may ayında SSRİ-də hərbi təlim keçirmək adı altında səfərbərlik elan edilmiş və 793 min nəfər orduya çağırılmış, hamısı da qərb cəbhəsinə yerləşdirilmişdi Lakin bütün bunlar 42-ci ilə hazırlıq idi. Hətta Stalin həmin dönəm Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Xruşşova “Xəstəsən, get dincəl, onsuz da 1942-yə qədər müharibə olmayacaq”, – demişdi.

SSRİ öz ordusunu komplektləşdirməyə başlamışdı və 1942-ci ilə ciddi hazırlıq görürdü. Ancaq Hitler 1941-ci il iyunun 22-də hücum etməklə Stalini qabaqladı.