SOSİOLOQLARDAN SOS SİQNALI …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkənin bəzi regionlarından dəhşətli qətl hadisələri barədə xəbərlər izləyirik.  

Son günlər ölkənin bəzi regionlarından dəhşətli qətl hadisələri barədə xəbərlər izləyirik. 

Ana azyaşlı övladını zəhərləyib, ata həyat yoldaşını və 20 günlük körpəsini qətlə yetirib, yaxud ata həyat yoldaşını, həmçinin 2009 və 2012 təvəllüdlü övladlarını baltalayıb. Bu qətl hadisələri ilə bağlı sosioloqlor artıq SOS siqnalı çalmağa başlayıblar. Hadisələrin gedişatının gələcəkdə böyüməməsi üçün mütəxəssislər birgə fəaliyyət planı hazırlamağı məsləhət görürlər.

Sosioloq- jurnalist Lalə Mehralı TİA.AZ bildirdi ki, əgər mətbuat işçisi olmasaydı bəlkə də bu cür xəbərləri heç açıb oxumaz, görməzdi. Amma işi ilə əlaqədar bütün gündəmi izləməli olur: 

“Ananın- atanın öz balasını öldürməsi qədər məni sarsıdan xəbər olmur. Bir ata, bir ana, yaradanın ən mükəmməl əsəri adlandırılan insan bu vəhşiliyi necə rəva görər öz balasına? Canı- canından, qanı -qanından bir körpəni bu qədər vəhşiliklə qətlə yetirmək hansı vicdana, analıq, atalıq mərhəmətinə, insanlıq duyğusuna sığışar? Səbəbi hər nə olursa olsun, bu cür vəhşiliyə heç bir üzürxahlıq, haqq qazandırmaz. Nə psixoloji problemi olmaq, nə zərərli vərdişinin olması, nə də əsəb və ya başqa bir səbəb. Mənəviyyat insani duyğudur, əgər bir insanda o duyğu yox olubsa,o insanın hər hansı bir canlıdan fərqi qalmır. Mən bu cür vəziyyətlərdə həm də qidalanmanın böyük rolu olduğunu düşünürəm. GMO məhsullar, enerji içkiləri, süni konsentrantlarla zəngin qidalar insan genetikasını dəyişməyə məcbur edir, insani hissləri məhv edir. Nəticədə də belə cinayətlərin şahidi oluruq. Dönər, hamburqer, çizburqer, çipslər, energetik içkilər genetik quruluşumuz üzərində hökmrandır. Energetik içkilər insanın hissini, duyğusunu tədricən məhv edir. Biz getdikcə sadəcə 2 əlli, 2 ayaqlı gəzən varlıqlara çevrilməkdəyik. Genetik strukturumuza uyğun beyin hüceyrələri də, hisslərimiz, duyğularımız da itməkdədir”.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, mövqeyi bu məsələdə birmənalıdır:

“Burda çoxlu səbəb axtarmağa ehtiyac yoxdur. Bunun bircə səbəbi vardır. Min illərdir ki, bütün ağıllı müdrik insanlar, peyğəmbərlər bizə deyirlər ki, o cəmiyyətdə ki, maddi dəyərlər önə keçib, mənəvi dəyərləri sıxışdırmağa başladı, orda gün-gündən gərginlik artır və çoxlu eybəcər hallar üzə çıxır. O cəmiyyətdə ki, mənəvi amillər qabağa keçdi, orda cəmiyyət özü-özünü tənzimləyir.

 Bir çox problemleri cəmiyyət özü həll edir. Cəmiyyətin özünün qanunları var. Cəmiyyət günü-gündən mürəkkəbləşir və öz qanunlarını daha çox  diktə edir. İnsanların burda daha çox arzusu ilə bir şey dəyişmir. İlbəil görürük ki, gözlənilməz hallar daha da çoxalır. Arvadını, övladını, atasını, nənəsini öldürənlər, yaxınlarına qarşı əxlaqsız hərəkətlər edənlər olur. Bu elə bir şeydir ki, yaşlı nəsildən soruşsan, heç kimin ağlına gəlməz ki, belə bir şeylər baş verə bilərdi. Bu, cəmiyyətin qanunudur. Bu proselər davam etdikcə, çox təəssüf ki, proqnoz etmək olar ki, belə eybəcər hallar bir az daha çoxalacaq və ağlagələməyən hadisələr baş verəcək. Nə qədər desək də, bu heç kimin arzusu deyil. Cəmiyyət özü bunu diktə edir. Çox təəssüf ki, bu təkcə Azərbaycanın problemi deyil, bütün yer üzündə maddiyyata maraq artıb. Maddi dəyərlər daha çox rol oynayır. Amma hər ölkə bunun üçün müəyyən addımlar atmalıdır. Ölkənin bunula bağlı humanitar siyasəti olmalıdır”.

Ə.Qəşəmoğlu deyir ki, bizim ölkə çox da böyük deyil. Burda çox olsa 10 milyon adam var: 

“Onun 3-4 milyonu xaricdədir. Qalanları uşaq və qocadır. Ortada 3-4 milyon fəal adam var. Burda bu ovqatı elmi nöqteyi -nəzərdən dəyişmək çox asandır. Bunun elmi hazırdır. Sadəcə olaraq, elmlə iş görmək lazımdır. Televiziya göstərdi, qəzet yazdı – bununla bir şey həll etmək olmaz. Bu gərək elmi əsaslarla olsun və  ciddi fəaliyyət proqramı hazırlansın. Humanitar  siyasətlə bağlı proqramda nəzərdə tutulsun ki, qanunvericilikdə hansı  dəyişiklik olacaq, burda Kütləvi İnformasiya Vasitələri, ictimaiyyət, Yazıçılar Birliyi, juranilistlər birliyi nə etməlidir. Bu işlər hökmən görülməlidir. Bunun alternativi yoxdur”.

Sosioloq deyir ki, ömrünün 50 ilə yaxınını sosiologiyaya həsr edib. Lakin cəmiyyətdə  onun sözündən çox hər hansı bir deputatın dediyi bir sözə daha çox diqqət verirlər:

“Bu hadisələr artıq SOS siqnalıdır. Burda hökmən işlər görülməlidir”.

4 və 5-ci dəfə ailə quran kişilərin arvadlarını öldürməsinə də münasibətini bildirən Ə.Qəşəmoğlu deyir ki, Sovet cəmiyyətində iqtisadi problemlər bundan da çox idi:

“Çox adam bu hadisələrin səbəbi kimi iqtisadi çətinlikləri göstərir. İqtisadi çətiliyin də öz yeri var, o da doğrudur. Ancaq insanlar düşünmədən gedib borca, kreditə girirlər. Əməliyyat edirlər ki, pul qazansınlar. Bu faktor da təsir edir. Amma ən başlıcası işin başında gələn mənəviyyat məsələsidir. Bu yerində olsa cəmiyyət öz-özünü tənzimləyər”.


İlahə