“Sosial yardım kəsilib deyə 4 uşağım məktəbə gedə bilmir” – Foto

“Sosial yardım kəsilib deyə 4 uşağım məktəbə gedə bilmir” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“7 sot pay torpağımız var. Onun 6 aylıq ödənişini etmişik. Amma deyirlər ödənişləri ardıcıllıqla etməlisiniz. Bir sözlə, bizə 6 ay “stop” qoyulub. 4 məktəbli uşağımın xərcləri o sosial yardıma baxırdı”. 

Bu sözləri “Qafqazinfo”ya Lənkəran rayonu, Girdəni kəndi sakini İftixar Fətdayev deyib. Vətəndaşın sözlərinə görə, 2016-cı ildən bəri sosial yardım təyin edilən ailəsinin ödənişi artıq 6 aydır ki, kəsilib.

İ.Fətdayev onlara qoyulan şərtin qanunsuz olduğunu düşünür: “Bunun maliyyə sanksiyası və yaxud cəriməsi olmalıdır. Bu isə cəzadır, sanki cinayət etmişik. 583 manat sosial yardım alırdıq. May ayında müddəti bitdiyi üçün müraciət etdik və belə oldu. Sosial yardımla ailəmin, uşaqlarımın xərclərini ödəyirdim. 4 uşağın məktəbli forması, məktəb ləvazimatlarını almaq üçün imkan edə bilmədik. Uşaqlar da buna görə dərsə gedə bilmir”.

Vətəndaş bildirir ki, oktyabrın 12-də Lənkəran şəhərində əmək və əhalinin sosial müdafiəsi nazininin müavini Anar Əliyevin də qəbulunda olub: “Binanın divarına vurulan cədvəldə aylar üzrə ödənişin miqdarı qeyd edilib. Həmin cədvəldə də 6 aylıq ödəniş haqda məlumat var. Avqust ayında ödənişi edərkən qəbzi də almışıq. Həmin vaxt orada mənə dedilər ki, ödənişi birdəfəlik etsəniz də, DSMF tərəfindən aylar üzrə bölünür. Mənə əvvəlcədən belə olacağını desəydilər, ödənişi birdəfəlik etməzdim”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, adıçəkilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün 2023-cü il sentyabrın 22-də elektron qaydada müraciət edib: “Müraciətdə ailənin üzvünün Fətdayeva Aysel Şöhrət qızının adına torpaq pay mülkiyyəti olduğu qeyd olunur. Torpaq pay mülkiyyətinə malik şəxslər buna görə ən azı 6 ay ardıcıl olaraq sosial sığorta ödənişləri apardıqdan sonra ünvanlı sosial yardım üçün müraciət edə bilərlər.

Aysel Fətdayevanın adına olan torpaq pay mülkiyyəti ilə bağlı olaraq isə müraciətdən əvvəlki 12 ay ərzində sığorta ödənişi edilməyib. Bu səbəbdən də ailəyə yardım təyinatından imtina qərarı verilib. Yalnız imtina qərarı verildikdən sonra əvvəlki 6 aylıq dövr üzrə birdəfəlik qaydada sosial sığorta ödəniş edilib.

Lakin qanunvericiliyə əsasən, ailə torpaq pay mülkiyyətindən 6 ay ardıcıl olaraq sosial sığorta ödənişi etdikdən sonra ünvanlı yardım üçün müraciət edə bilər”.