Tribunainfo.az yazar Dəniz Pənahovanın Sosial Müdafiə Fondu ilə bağlı tənqidi yazısını təqdim edir.
Bildiyiniz kimi Ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün bir sıra absurd şərtlər var. Düzü mənim özüm də gənc ailələr üçün nəzərdə tutulmuş həmin sosial yardımdan alıram, fəqət, yazmasam olmazdı. Aztəminatlı ailələr üçün nəzərdə tutulmuş bu layihənin bir çox gülməli, eyni zamanda ağlamalı tərəflərini sadalayacağam. Qarşılaşdığım hər kasıb insan üçün, sözün əsil mənasında, ehtiyacı olan ailələr üçün bu yardımı ala bilsinlər deyə, lazım olan sənədlərdən agah edirəm. Fəqət, sənədlər qaydasında olsa belə, sənin evinə baxış keçirmək üçün gərək dəridən qabıqdan çıxasan, mediada işıqlandırıb onları rüsvay edəsən ki, onlar da gəlib sənin evinə baxış keçirsin. Soyuducunun içinə kimi kamera ilə baxırlar. Evdəki otaqların qapıları taybatay açıq olmalıdır ki, onların pulgir qəlbinə zərrə qədər də şübhə düşməyə. Şayət, evdə artıq bir adam olarsa, lap tutaq ki, qonşun gəlib sizə, elə biləcəklər ki, sizinlə yaşayan, sizə yardım edən bir kəsdir. Hələ əvvəllər sənin yüklədiyin kontura qədər nəzarət vardı. İşin ən gülməli tərəfi isə, bu sosial yardımı almaq üçün ər və ya arvadın əmək müqaviləsini göstərən bir işi olmalıdır. Gülməlidir, deyilmi? İşləyən adamın sosial yardıma nə ehtiyacı var. Özdə ki, ölkədə bir çox özəl qururmlarda istismar olunaraq çalışan insanların əmək kitabçasının hansı formada olduğundan xəbərləri belə yoxdur. Heç o haqqı tələb etməyə cürətləri belə yoxdur. Nə qədər adam tanıyıram ki, yoldaşı əlil ola-ola, ərindən boşana-boşana, onun, bunun bir tikə payına möhtac qalan, sosial yardıma ehtiyacı olan həmin adamlar sosial ala bilmirlər. Şagirdlərimdən biri qışda ayağına geyinməyə çəkməsi olmadığı halda, soyuqda məktəbə gedə bilmirdi. Kirayələrdə sürünürdülər. Bir il idi ki, müavinət almaq üçün evə baxış keçirilməyini gözləyirdilər. Amma asosial qurum gəlmirdi ki, gəlmirdi. Zənglərə cavab vermirdi ki, vermirdi. Bu qurum, bu uşağın timsalında neçə uşağı ayaqqabısız qoyur. Nəhayət mediada işıqlandıqdan sonra qorxuya düşüb səhəri, erkəndən evə baxış keçirdilər. Gəlməsələr ondan yaxşı… Düz 30 manat neçəsə qəpik, sosial yardım təyin edilmişdi…
Hələ ən dəhşətlisini danışım sizə. 3 uşağı olan bir adam tanıyıram. Sosial alırlar. Az maaşla 3 uşaq dolandırır. Sosial çox alsın deyə, 3 uşaq gətirib dünyaya. Hətta 4-cü uşağı da düşünür ki, qənimətdi, hər il sosial müavinətin məbləği artır. Bu adam ətrafındakı adamlara sosial yardım düzəltmək üçün 5-10 manat pul alıb sənəd-sünəd məsələlərini həl edir. Bu adamın timsalında hətta sosialın 3 ayını mənimsəyən şəxslər belə var. Başı çıxmayan vətəndaş məcbur olub belə insanlara üz tutur ki, təki sosial alsın…
Hələ, hər fırıldağa əl atıb imkanı ola-ola sosial alan adamlar da var. Yalandan kağız üstündə boşanıb yardım mənimsəyənlər, maşınını dostunun adına keçirib kasıbın haqqına girənlər – bunları niyə görmürsünüz?!
Sosial alan şəxslərin övladlarına ayrılan məktəb formaları və ləvazimatlarından danışsam gərək qan ağlayam. Sexdə artıq qalan parçalardan tikilmiş, ən zay, əyri-üyrü, sökük məktəb formaları – gözlərimlə görmüşəm, heç utanıb yerə girirsinizmi? Kasıbdır deyə, köhnə-kürüş geyimləri verməlisiniz?
Bu yazıdan sonra mənim sosialımı kəssəniz belə, vecimə deyil, çünki o pulu utana-utana xərcləyirəm…
Dövlət bu layihəni ərsəyə gətiribsə məmurlar hər yola əl atıb əngəl törədirlər. Sənin vətəndaşın, sənin soydaşın… 220 manata göz dikən məmurlar, nolar bir az vicdanlı olun, uşaqları ayaqqabısız qoymayın.
Dəniz Pənahova