TİA.AZ Avropa Qaraciyər Assosiasiyasının həqiqi üzvü, hepatoloq Mətanət Cəfərovanın Ailem.az-a müsahibəsini təqdim edir
TİA.AZ Avropa Qaraciyər Assosiasiyasının həqiqi üzvü, hepatoloq Mətanət Cəfərovanın Ailem.az-a müsahibəsini təqdim edir
– Əvvəlcə ondan başlayaq ki, hepatit nədir?
– Hepatit qaraciyər hüceyrələrinin iltihablanmasıdır. Bu, hər hansı səbəbdən ola bilər: alkoqol, yağlanma, piylənmə, anadangəlmə, viruslar, infeksiyalar və s. Günümüzdə daha çox aktual olan və daha çox yayılmış Hepatit B və C virusunun törətdiyi hepatitlərdir. Bu hepatitlər həm kəskin, həm də xroniki formada ola bilər. Kəskin olduqda müəyyən əlamətlərlə özünü büruzə verir. Amma xroniki formada olanda xəstələrin əksəriyyəti bilmədən illərlə Hepatit B və C-ni qanlarında daşıya bilirlər. Nəticədə artıq qaraciyər sıradan çıxdıqdan sonra, qaraciyərin funksional yetməzliyi, qaraciyər çatışmazlığı baş verdikdə, hətta bəzən qaraciyər xərçəngi yarandıqdan sonra insanlar bu virusdan xəbər tutmuş olurlar.
– Hepatitin yoluxma yolları hansılardır?
– Hepatit B və C-nin yoluxma yolları ilk növbədə qan və qan vasitələri, cinsi yol və anadan uşağa keçmə yoludur. Son illərdə Hepatit B və C-nin tüpürcəkdən və eyni zamanda qadınların vaginal mayesində miqdarın çox olması ilə əlaqədar yayılması halları araşdırılır. Nəticələr onu göstərir ki, 17 faizə qədər hallarda tüpürcəklə və cinsi yolla hepatitə yoluxma halları artır. Ağızda tüpürcək vəzi çox olduğu üçün ağızda hər hansı zədələr olarsa, keçmə ehtimalı düşünülür. Son vaxtlar Hepatit B-nin nəinki Azərbaycanda, bütün dünyada çox yayılması ilə əlaqədər olaraq artıq bunun nəinki cinsi və qan yolu ilə, eyni zamanda digər məişət təması və tüpürcək yolu ilə keçmə faktoru da araşdırılır. Son bir neçə ilin Dünya Səhiyyə Birliyinin statistik məlumatında 2 milyarddan artıq insanın Hepatit B virusu ilə qarşılaşması faktı yer alır. Onlardan 50 milyonu Hepatit B virusunu öz qanında daşıyır.
– Belə çıxır ki, cütlüklər öpüşdükdə də virus tüpürcəklə keçə bilər?
– Hepatit B virusu C-dən fərqli olaraq tüpürcək və digər mayelərdə çox miqdardadır. Amma bu, adi öpüşməklə keçə bilməz. Bunun üçün ağızda hər hansı yaranın olması vacibdir, ağızda mütləq yara, zədə olmalıdır. Yəni tüpürcək birbaşa qanla təmasda olmalıdır. Bu zaman keçmə ehtimalı var. Cinsi yolla isə keçməsi üçün də mütləq bir zədə olmalıdır. Yəni zədə faktoru burda mütləqdir. Xüsusən bu, diş əti tez-tez qanayan insanlara aiddir. Hepatiti B-nin daşıyıcısı və ya xəstəsi sağlam insanı eyni dərəcədə yoluxdura bilər. Yəni insan daşıyıcıdırsa, bu o demək deyil ki, yoluxdurmayacaq. Daşıyıcının da xəstə qədər yoluxdurma qabiliyyəti var. Xüsusən də diş əti tez-tez qanayan, damaq problemləri yaşayan insanlar, bir sözlə, daim ağız boşluğunda hər hansı problem və zədəsi olanların yoluxdurma qabiliyyəti yüksəkdir. Sağlam insanlar xəstə və ya daşıyıcı ilə öpüşərkən yoluxma ehtimalı qaçılmazdır.
– Hepatitdən necə qorunmaq olar?
– Virus hepatitlərindən qorunmaq üçün Hepatit B-nin artıq peyvəndi var. Bu, çox gözəl kəşfdir. Artıq yeni doğulmuş körpəyə anadan olan kimi peyvənd vurulur. Böyüklərdən isə hamı peyvənd olunmaya bilər. Ona görə də ilk növbədə risk qrupunda olan insanlar peyvənd olunmalıdır. Peyvənd 3 dozada vurulur: 0, 1 və 6-cı aylarda. Ən yaxşı immunitet o halda qazanılır. Bəzən isə 0, 1, 2 və 12-ci aylarda vurulur. Bu zaman artıq 2-ci peyvənddən sonra bəzi insanlarda Hepatit B-yə qarşı immunitet yaranır. 3-cü aydan sonra isə bu immunitet tamamlanır və ömürlük həmin insan özünü Hepatit B-dən qorumuş olur. Artıq bütün dünyada böyüklərin də hamısını peyvənd etməyə başlayıblar. Hazırda çox sağlam insanlar peyvənd olunmaq üçün müraciət edirlər. Bu, onları ömürlük Hepatit B-dən qoruyur. Müəyyən ildən sonra peyvəndin tutub-tutmadığını bilmək üçün həmin insanı anti HB analizi edirik. Bu analizin nəticəsinin 10-dan yuxarı olması onu göstərir ki, peyvənd tutub, bundan sonra xatırlayıcı dozanın vurulmasına ehtiyac yoxdur. Amma təəssüf ki, Hepatit C-nin peyvəndi hələ ki, kəşf olunmayıb. Bu istiqamətdə işlər gedir. Lakin Hepatit C-nin müalicəsi var. İnsan Hepatit C-yə yoluxubsa, bu virus bədəndən uyğun sxemlə, tamamilə iynəsiz, bir tabletka ilə birdəfəlik təmizlənir. Profilaktikası olmasa da, tamamilə sağalma ehtimalı mümkündür.
– Hepatitin tam müalicəsi varmı? Hansı hepatit növü tam müalicə olunur, hansı yox?
– Hepatit B-dən başlayaq. Bu insanları ayırmaq lazımdır – hansına müalicə lazımdır, hansına yox. İlk növbədə onu vurğulamaq istəyərdim ki, xəstələr necə aşkarlanır? Kimsə qan verərkən və ya əməliyyata hazırlaşarkən xəstələr ortaya çıxır. Təəssüflər olsun ki, çox az hallarda insanlar özləri gəlib yoxlanmaq istəyirlər. Bunlar kəskin dövrlərdə olmazsa, heç bir simptom vermədən irəliləyir və çox təsadüfi hallarda üzə çıxmış olur. Lakin xəstə və ya daşıyıcılar üçün digər müayinələr var. Qanda Hepatit B-nin miqdarı təyin edilir. Miqdardan asılı olaraq deyirik, o, daşıyıcıdır, yoxsa xəstədir. Hepatiti B-nin daşıyıcıları nə vaxtsa çevrilib xəstə ola bilər. Ona görə də ona mütəmadi olaraq müayinə olunmaq üçün zaman təyin edirik. Bəzən xəstələr bilmir, yaxud biganə yanaşır və nəticədə qaraciyər serrozuna, qaraciyər xərçənginə gətirib çıxarır. Bu zaman isə yeganə yol qaraciyər transplantasiyasıdır. Ona görə də ilk növbədə risk qrupunda olan insanlar və ya digər insanlar ən azı ildə bir dəfə Hepatiti D, C-ni yoxlatdırmalıdır. Hepatit C tamamilə müalicə olunur. Hepatiti C-dən bir neçə aya tamamilə xilas olmaq mümkündür. Hepatit B daşıyıcılarının isə müalicəyə ehtiyacı yoxdur. Dərman veririk, lakin bu dərmanı xəstələrin 90 faizi ömrünün axırına qədər qəbul edir. Çox az insanlarda bədəndən tamamilə yox olur.
– Hansı halda hepatit qaraciyər serrozuna çevrilir?
– Hepatit B-də virus yüksəkdirsə və nəzarətsiz qalıbsa, xəstə dərman qəbul etməyibsə, yanaşı digər xəstəlikləri varsa, xüsusən də qaraciyərin piylənməsi, alkoqol istifadəsi, uzunmüddətli toksiki dərmanların, müəyyən qrup antibiotiklərin qəbulu, Hepatit B-dən başqa qaraciyərdə əlavə yükün olması, ailədə kimdəsə qaraciyər xərçəngi olması hallarında Hepatiti B-nin serroz yaratmaq riski daha çoxdur. İstər Hepatiti B, istər C bir ildən 30 ilə qədər qaraciyər serrozu və ya xərçəngi yarada bilər. Vaxtında aşkarlanması üçün həkim müayinəsi vacibdir.
– Hepatit B ciyərdə deyil qandadırsa, fəsadları ola bilərmi?
– Hepatit B və C fərqi yoxdur, hədəf orqanı qaraciyərdir. Amma Hepatit B qanda da olur və digər orqanlar, məsələn, mədəaltı vəz, ürək, hətta beyni belə, zədələyə bilir. Ona görə də tez zamanda qandan təmizlənməsi vacibdir. Əks halda digər ağırlaşmalar verər.
– Hepatitin konkret simptomları var?
– Hepatitlər kəskin və xroniki ola bilir. Kəskin dönəmdə bəzən simptomları olur. Məsələn, baş ağrısı, iştahsızlıq, ürək bulanma, sarılıq, sidiyin rəngində dəyişiklik, əllər, ovuc içi, gözdə saralma, bəzən temperatur qalxması, əzələ, oynaq, sümük, sağ qabırğada ağrı. Amma xüsusi spesifik, sırf hepatitə aid bir simptom yoxdur. Amma xroniki hepatit simptomlu və ya simptomsuz irəliləyə bilər və heç bir əlaməti olmur. Bəzilərində ümumi halsızlıq və yorğunluq olur. Ona görə də heç kim sadəcə yorğunam, halsızam deyə gedib müayinə olunmur və ya hepatitdən analiz vermir. Ona görə də ildə bir dəfə chek-up müayinə olunmaqla xəstəliyi aşkarlamaq olar. Bunlar risk qrupuna aid olmayanlar üçündür. Risk qrupuna aid olanlar isə mütləq hepatit analizi verməlidirlər. Risk qrupunda olanlar kimlərdir? Ailəsində, yaxınlarında, yaxın qohumlarında – ata, ana, bacı, qardaşı Hepatiti B olan, eyni evdə yaşayanlar, yaxın qohum, amma yeni evdə yaşamayan və ya qohum olmayıb eyni evdə yaşayanlar, uzunmüddətli damardaxili müalicələr alanlar, həbsxanada olanlar, qocalar evində yaşayanlar və onlara qulluq edən insanlar, çox sayda cinsi partnyoru olanlar, hemodializ xəstələri, dializ xəstələri, pirsinq, tatu etdirən insanlar risk qrupuna aiddirlər və yoxlanmaları vacibdir. Bununla yanaşı, 1995-ci ilə qədər qan köçürülən insanlar analiz verməlidirlər. Çünki o vaxtdan sonra qanköçürmədə ciddi nəzarət var və qanda hepatit mütləq yoxlanılır. İndi hətta ən kiçik əməliyyata gedən, hətta dırnağı çıxarılan insanda da hepatit yoxlanılır. Tez-tez bilinməyən stomatoloji xidmətlərdən istifadə edən, gözəllik salonlarında müəyyən prosedurlar etdirən insanlar da yoxlanmalıdır.
– Hepatit B olan C-yə və ya əksinə, yoluxma halları ola bilərmi?
– Hepatit B aşkarlanan insan mütləq Hepatit C, A, D və SPİD-ə görə yoxlanılır. Çünki Hepatit B varsa, bu zaman miks infeksiya yayılır. Ona görə də bu insana təcili müalicə başlanılır. Bu, daha çox narkomanlar, çox sayda cinsi partnyoru olanlarda adətən super infeksiya halında rast gəlinir.
– Hamilə qadın hepatit olduqda virus uşağa keçə bilərmi və bu halda hamiləliyini tamamlaya bilərmi?
– Herpatit B və C-nin uşağa keçmə ehtimalı var. Amma hamiləlik sonlandırılmır. Əgər qadın hamiləlik zamanı hepatitə yoluxarsa, hepatitin qandakı miqdarı önəmlidir. Yüksəkdirsə, hamilə qadına dərman müalicəsi başlanılır. Xüsusilə hamilələr üçün istifadə olunana dərmanlar təyin edilir. Uşaq anadan olan kimi hepatit əleyhinə immunoqlabin və peyvənd vurulur. Bununla da uşaq hepatitdən qorunur. Hepatit C də eyniylə. Əgər anada qaraciyərin funksional vəziyyəti normaldırsa, müəyyən analizlər verilir və müalicə edilir.
– Bəs ana südü ilə uşağa keçə bilər?
– Hepatitin südlə keçmə ehtimalı çox azdır. Əgər qadında Hepatit B varsa, uşaq anadan olan kimi immunoqlabin və peyvənd vurulubsa, ana çox rahatlıqla südünü verə bilər.
– Böcəklərin dişləməsi ilə hepatitə yoluxmaq mümkündürmü?
– Hələ ki, bu fakt təsdiqini tapmayıb. Amma araşdırılır. Xüsusən də Hepatit B günümüzdə çox yayıldığı üçün bu yollar da araşdırılır.
– İnsanlar hepatitdən qorunmaq üçün hansı tədbirləri görsünlər?
– İlk növbədə vaxtında müayinə olunsunlar. Xüsusən də risk qrupuna aid olanlar. Digər şəxslər isə ildə bir dəfə. Vaxtında aşkarlanan B və C virusunun müalicəsi var. Bununla da qaraciyər serrozu və qaraciyər xərçəngindən özlərini qorumuş olarlar. Hepatit B-yə görə mütləq peyvənd olunmaq lazımdır. Peyvənd olunmaqla ömürlük bu virusdan qorunmaq olar. Tanımadıqları insanlara cinsi əlaqəyə girməsinlər, piylənməsi olan insanlar piylənmədən azad olsunlar, həkim məsləhəti olmadan özbaşına dərman qəbul etməsinlər, xüsusən də ağrıkəsici və antibiotiklərin qəbulu həkim nəzarəti altında olmalıdır.