Azərbaycan bazarlarına İran istehsalı olan zərərli tərkibə malik yuyucu vasitələr ayaq açıb. Xüsusilə, Bakıda və cənub bölgəsində satılan bu məhsulların təkibi məlum deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat yayıb. O bildirib ki, üzərində Azərbaycan dilində heç bir məlumat yazılmayan bu yuyucu vasitələrin ölkəyə gizli yollarla gətirildiyi ehtimalı var:
“Araşdırma nəticəsində bu məhsulun İrandan qeyri-qanuni yolla gətirildiyi qənaətinə gəldik. Bazara qeyri-qanuni yolla daxil olan qabyuyan mayedə şübhəli məqamlar az deyil. Belə ki, məhsulun üzərində məlumatlar ancaq farscadır. Yerli istehlakçılar üzərində farsca yazılan məhsulun tərkibində hansı maddələrin olduğunu, istifadə müddətini və istifadə qaydalarını oxuya bilmir.
Belə ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında AR-nın qanunu, Nazirlər Nabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən qabyuyan maye xarici dillə yanaşı milli dildə də, markalanmalıdır. Bu istehlakçının beynəlxalq və yerli hüquqlarından biridir ki, mal haqqında səhih informasiya alsın.
Bununla bərabər dövlət qurumlarının nəzarəti xaricində idxal edilən bu mənşəyi məlum olmayan məhsulun keyfiyyəti də şübhə doğurur. İnsan sağlamlığını təhlükə qarşısında qoyan məhsul dəriyə təmas etdikdə qıcıqlanma, gözə sıçramasında isə müxtəlif fəsadlar törədə, hətta insanın görmə qabiliyyətini itirməsinə də səbəb ola bilər.
Araşdırmalar göstərir ki, adıçəkilən qabyuyan maye Bakıda, Sumqayıtda, Cənub Bölgəsində və Şimal Bölgəsində, Astara gömrük civarındakı toptancıların hamısında açıq şəkildə satılır.
İrandan gətirilən bu qabyuyan mayenin ölkə bazarına daxil olması istehlakçıların hüquqlarını pozmaqla bərabər ölkə iqtisadiyyatına da çox ciddi zərər vurur. Təəssüflə qeyd edirəm ki, əmtəə bazarının bu seqmentində qanuni fəaliyyət göstərən biznes qurumları bazarın bu seqmentində araşdırmalar aparmırlar.
Məsul dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasına dəstək vermələrini xahiş edirəm. Durum olduqca ciddi və təhlükəlidir”.