SOS: “Evlənib iki aydan sonra boşananlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurulan ailələrin dağılması prosesində say artımı ciddi demoqrafik problemə çevrilməklə yanaşı, boşanmaların gəncləşməsi də narahatçılıq doğurur. 

Qurulan ailələrin dağılması prosesində say artımı ciddi demoqrafik problemə çevrilməklə yanaşı, boşanmaların gəncləşməsi də narahatçılıq doğurur.

 Bu gün ailə qurub, bir neçə ay sonra ayrılmaq qərarı verən cütlüklərin sayının günü-gündən artması problemin kifayət qədər ciddi olduğunu ortaya qoyur. Elə öz ərtafımızda da bir neçə ay öncə toyunda iştirak edib, aradan az müddət keçdikdən sonra boşanma xəbərini eşitdiyimiz ailələr az deyil. İllər öncə boşanmalar əsasən ailədə uşağın olmaması, sonsuzluq kimi problemlərdən qaynaqlanırdısa, indi vəziyyət əksinədir. Zaman-zaman uşaq ailədə valideynləri bir-birinə bağlayan əsas tel sayılsa da, uşaqlı ailələrdə boşanmaların uşaqsız ailələrə nisbətən artması bu amilin də artıq öz əhəmiyyətini itirdiyini təsdiqləyir.  İlk övladın sevincini dadar-dadmaz ayrı yaşamaq, ayrılmaq qərarı verən ailələrin sayının ili-ildən artması boşanmaların gəncləşməsindən xəbər verir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova da Movqe.az-a açıqlamasında boşanmaların gəncləşməsi prosesinin müşahidə olunduğunu, rəsmi nikaha daxil olduqdan qısa müddət sonra dağılan ailələrin sayında artım müşahidə edildiyini təsdiqləyir. Həmsöhbətimiz deyir ki, rəsmi nikaha daxil olduqdan iki ay sonra boşanan ailələr də var: “Gənc ailələrin boşanma müddəti müxtəlifdir. Elələri var iki aydan sonra, elələri də var ki, altı aydan sonra boşanır. Yəni, evliliklərinin bir ili belə bitməmiş ayrılmaq qərarı verib rəsmi boşanan ailələr var. Əlbəttə ki, bu məqam bizi narahat edir. Azərbaycan ailə modelinə, uzunömürlü ailələrin sayına görə dünyada nümunə göstərilir”.

A.    Veysəlovanın sözlərinə görə, qurulduqdan qısa müddət sonra dağılan ailələrin boşanma səbəbləri müxtəlif olur: “Ailə dağılmaq üçün qurulmur. Azərbaycan xalqı ailəni müqəddəs hesab etdiyindən həmişə bir ocağa bənzədib. Amma çox təəssüf ki, ailəyə dırnaqarası baxanlar da son illər artıb. Boşanmalarda əsas səbəb kimi isə bu gün xasiyyətin uyğun gəlməməsini əsas gətirirlər. Bu, onu göstərir ki, belə ailələr tanışlıq dövründə xoş münasibətdə olsalar da, birgəyaşayışa hazır olmayıblar. Ailə quran zaman bu çox vacib amildir.
Ailə qurduqdan sonra birgəyaşayışın tənzimlənməsi çox vacibdir. Birgə yaşamağa öyrəşmənin öz tələbləri var. Bu tələblərə əməl edən ailələrin təməli çox möhkəm olur. Əməl etməyən ailələrdə isə tez-tez münaqişələr baş verdiyindən boşanma ilə nəticələnir. Evlənmək qərarı verən cütlüklər unutmamalıdırlar ki, ilk beş il ailənin imtahan dövrüdür. Ailədə çətinliklərə birgə sinə gərmək ailəni bərkidir. Amma çox təəssüf ki, bu gün yeni qurulan ailələr bu çətinliklərə dözümsüzlük nümayiş etdirirlər”.
A. Veysəlova deyir ki, bir uşaqlı gənc ailələrlə müqayisədə üç-dörd uşaqlı ailələrdə boşanmaların səbəbləri fərqlidir: “Son vaxtlar 4-5 uşaqla dağılan ailələrə də rast gəlinir. Bu ailələrdə isə boşanmaların əksər hallarda səbəbi ailə başçısının pis vərdişlərə aludəçiliyi olur. Boşanmaların səbəbləri arasında ilk yeri xasiyyətin uyğunsuzluğu tutur. Hər halda boşanan tərəflər səbəb kimi əsasən bunu göstərirlər. Amma digər səbəblər sonsuzluq, zorakılıq, ailə başçısının pis vərdişlərə aludə olması, narkomaniya, alkoqolizm və sairdir. Elə bir neçə uşaqla dağılan ailələrdə də əksər hallarda pis vərdişlərə aludəçilik rol oynayır. Həyatlarına təhlükə olduğunu görəndə qadınlar bir neçə uşaqla belə boşanmaq məcburiyyətində qalırlar”.
Komitə səlahiyyətlisi uşaqlı ailələrin boşanmasının  təkCə bu statistikanı artırmadığını, dağılan ailələrdə uşaqların psixologiyasına da mənfi təsirinin olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, ailələrin dağılması ümumiyyətlə, narahatedici məsələ olsa da, uşaqlı ailələrin dağılması, Komitəni daha çox narahat edir: “Uşaqlar ailələrdəki münaqişələrdən ciddi psixoloji travma alırlar. Bu cür münaqişəli ailələrdə uşaqların evdən qaçması, özünə qapanması kimi hallara rast gəlinir. Bəzən valideynlər unudurlar ki, uşağın tərbiyəsində hər iki tərəfin rolu olmalıdır”.
A.    Veysəlova boşanmaların gəncləşməsinin, uşaqlı ailələrin dağılmasının qarşısını almaq üçün mаarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacib olduğunu söyləyir: “Evdə ailə qurmağa hazırlaşan gənclərə hər iki tərəf ailənin məsuliyyətini başa salmalıdırlar. Ana qızına, digər tərəf oğluna ailə qurarkən üzərlərinə düşəcək yükün öhdəsindən birgə gəlməli olduqlarını anlatmalıdırlar. Bu məsələdə təbliğat da mühüm amildir. Cəmiyyətdə, KİV-lərdə nümunəvi, uzunömürlü ailələr təbliğ olunmalıdır. Bu proses zəncirvari olaraq bir-birinə bağlı aparılmalıdır”.