Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır.
Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan bu virus sürətlə yayılmaqdadır.
Virus yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də var və geniş yayılıb. Hətta bu qrip epidemiyası Fransanın Lion şəhərindəki qocalar evində 13 nəfərin ölümünə səbəb olub.
Ölkənin sosial məsələlər və səhiyyə naziri Marisol Turen ağır xəstəliyin ölümcül fəsadlarının 23 dekabrdan 7 yanvaradək olan müddətdə ortaya çıxdığını bildirib. Nazir vurğulayıb ki, belə hadisəni “fövqəladə vəziyyət” hesab edir. O qeyd edib ki, qripdən ölmüş qocaların orta yaş həddi 91,5 olub. Qocalar evində yaşayan 72 nəfərdən hazırda daha altı nəfəri xəstəxanaya yerləşdirilib. Nazir ölkənin İctimai Təminat Baş İdarəsinə hadisənin təhqiqatı ilə bağlı göstəriş verib.
Fransada qrip epidemiyası 2016-cı ilin dekabrından yayılıb. Ölkənin tibb mütəxəssisləri xəstəliyin xüsusən 65 yaşdan yuxarı insanlar üçün təhlükəli olduğunu bildiriblər.
Ölkəmizdə də qripə yoluxanlar kifayət qədər olsa da, hələ ki ölüm faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi sonuncu açıqlamasında H2N1 adlanan bu virusun təhlükəli olduğunu deyib. RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laboratoriya müayinələrinin aparılması üçün 265 nümunə daxil olduğunu bildirib.
Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayıb: “Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.
R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir:
“Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri – yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür”.
Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz: “Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.
Ümumiyyətlə qripə yoluxanlar artıq onlara antibiotiklərin də təsir etmədiyini deyir. Bəs qripdən qurtulmaq üçün hansısa təbii yollarla müalicələr, türkəçarələr varmı?
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd Musavat.com-a qripə qarşı təbii vasitələrdən istifadə etməklə ondan xilas olmağın mümkün olduğunu deyib:
“Əgər qrip olma ehtimalınız varsa və ya artıq qrip olmusunuzsa, burun boşluğuna hər iki saatdan bir soğan suyu tökülür. Əgər qripə yoluxan körpə uşaqdırsa, soğan suyu mütləq su ilə qarışdırılmalıdır. 2 saatdan bir 1 çay qaşığı bal ağızda sovrulur. Bir diş səhər, bir diş günorta və bir diş də axşam sarımsaq yeyilməlidir. Bir diş sarımsaq da kəsilib evdə boşqabda qoyulur ki, o virusların yayılmasının qarşısını alsın. Arı məhsulları, arı südü, çiçək tozu, bal, xüsusilə də tərkibində çoxlu təbii antibiotik olan, göbələk verməyən vərəm unu məhsulları qripin qarşısının alınmasında və müalicəsində çox əhəmiyyətlidir. Moruq, zoğal mürəbbəsi, sulu xəngəl, əvəlik yeyilməli, banka qoyulmalıdır. Xəstə keçi piyi ilə özünü yağlatmalı və möhkəm tərləməlidir. Bununla da qrip bir günə keçib gedir, ikinci günə keçmir”.
S.Əsəd qriplərin fərqli olduğunu deyib:
“Bu cür yayılan qriplər fərqlidir. Eləsi var ki, heç burundan su gəlmir. Birbaşa temperatur kəskin şəkildə qalxır. Bu, xüsusilə körpə uşaqlarda immunitet aşağı olduğu üçün kütləvi hal alıb. Ona görə də belə vəziyyətdə uşaqları evdə saxlamaq təhlükəlidir. Temperatur qalxanda qıcolmalar ola bilər və ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də immuniteti yüksək olan adamlar qripə yoluxmurlar. Məsələn, arıçılar qripə heç vaxt yoluxmur. Qripli adam 10 adamla görüşür. Kimin immuniteti aşağıdırsa, o qripə yoluxur.
İmmuniteti yuxarı olan adamlarda isə bu özünü göstərə bilmir. Qripin növləri çox olduğuna görə təəssüflər olsun ki, onun birbaşa müalicəsi üçün vaksin yoxdur. Bu da ciddi fəsadlara gətirib çıxarır. Orqanizmdə saçdan dırnağa qədər zədələyə bilmədiyi bir nöqtə yoxdur. Çünki qrip virusdur. Virus olduğu üçün də hər yeri deşib zədələyə bilir. Ürək əzələsində, oynaqlarda və yaxud da ki, müxtəlif boşluqlarda həmin yerin iltihabına qədər ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə də beyin toxuması olduqca həssasdır. Bu virus bütün mərkəzləri zədələyə bilir. Ona görə də qripdən qorxmaq və müdafiə olunmaq lazımdır”.