16 yaşı hələ tamam olmamış qızla 32 yaşlı kişinin qeyri-rəsmi evliliyi faktının sosial şəbəkələrdə, hətta mətbuatda sevgi hekayəsi kimi təqdim edilməsi yaxşı bir hal deyil. Cəmiyyətin içində yetərincə problemləri olan yeniyetmələr, gənclər var ki, bunu örnək götürə bilərlər. Biz sosial şəbəkələri, medianı, KİV-i ən böyün təbliğat maşını hesab edirik həmişə. Ancaq indi nə baş verdi? 16 yaşı heç tamam olmamış məktəbi yarımçıq qoymuş qızımız 32 yaşlı kişiylə qaçır, qeyri-rəsmi yaşayır və bunu böyük sevgi kimi təqdim edirlər. Biz erkən nigahın qarşısının alınması, uşaq evliliklərindən danışırıqsa bu hadisəni necə belə təqdim edə bilərik. Bu təbliğat bizi uçuruma apara bilər.
Bu sözləri Tribunainfo.az-a Azərbaycan Uşaqları Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib. O qeyd edib ki, bu məsələdə araşdırılmalı çox məqam var:
“Bilmək lazımdır ki, qızımız niyə qoşulub qaçıb. Hər iki ailə öyrənilməlidir. Nə üçünsə məndə belə bir fikir formalaşıb ki, qız özünə arxa-dayaq axtarıb və bu şəxs ona tuş gəldiyi üçün ona sığınıb. Bilmək olmaz, bəlkə elə bu adamın özü də qurbandır. Böyük ehtimal, qızımızın böyüdüyü ailədə müəyyən dəyərlər olmayıb, təhsildən kənarda qalıb. Bizi bütün bu sadaladıqlarım narahat etməlidir, böyük sevgi kimi təqdim edilən qeyri-rəsmi nikah yox.
Bu təbliğatın nəticəsi çox acınacaqlı ola bilər. Ortada azyaşlının təhsildən yayınması faktı var, erkən nikah var, qeyri-rəsmi evlilik var. Bunlar qabardılmalıdır, bu problem bizi narahat etməlidir. Ancaq bu qalıb kənarda hamı böyük sevgidən danışır. Bu sevgi deyil, belə sevgi olmur. Mən təəsüf etdim sadəcə. Bu faktın təqdim edilmə şəkli məyusedicidir”.
Nigar