Qarabağa Rusiya tərəfindən göndərilmiş erməni milyarder Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı haqda məlumat yayılıb.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, o, Qarabağdan qaçmağa çalışarkən Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Xatırladaq ki, Xankəndidə ləğv olunmuş qondarma rejimin keçmiş “müdafiə naziri” David Babayan Rusiya rəsmilərinin Azərbaycandan Vardanyanın Qarabağı tərk etməsinə şərait yaratmasını xahiş etdiyini açıqlayıb.
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend CivilNet ilə söhbətində əri ilə əlaqənin kəsildiyini, onun həbsi ilə bağlı xəbərləri Azərbaycan mətbuatında gördüyünü bildirib. O, başqa təfərrüatları açıqlamayıb.
Rusiyanın TASS Agentliyi də xəbəri təsdiqləyib. Agentliyin bildirdiyinə görə, Vardanyan Gorusa keçmək istəyərkən yaxalanıb.
Bir çox “Telegram” kanalları isə hətta Vardanyanın yaxalanaraq, Bakıya doğru aparıldığını bildirirlər.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Vardanyan haqqında cinayət işi açıb-açmadığı barədə məlumat yoxdur. Onun beynəlxalq axtarışa verilib-verilmədiyi də məlum deyil.