Ermənistanın baş naziri Nikol Paşinyan radikal müxalifəti və İrəvanda mitinqə başlayan erməni kilsəsinin Tavuş vilayətinin yepiskopu Baqrat Qalstyanı və ona bəzən açıq, bəzən gizli dəstək verən kilsəni susdurmaq üçün İrəvanda yaxın günlərdə tərəfdarlarının mitinq keçirməsinə qərar verə bilər. Bununla Paşinyan hökumət tərəfdarlarının radikalların tərəfdarlarından dəfələrlə çox olduğunu bir daha sübut etmiş olar.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan bir dəfə də bu üsuldan istifadə edib:
“İstefa şüarlarını yalnız say çoxluğu ilə neytrallaşdırmaq olar. İkinci Qarabağ müharibəsindən sonra radikallar İrəvan küçələrində mitinq və yürülşlərdə istədikləri nəticəni əldə etmədikdən sonra Paşinyan tərəfdarlarının mitinqini keçirdi və say nisbətini ortaya qoydu. Eyni üsuldan bugünlərdə Gürcüstan hökumətini idarə edən Bidzina İvanişvili də istifadə edib. Gürcü müxalifəti hökumətə qarşı mitinq və küçə yürüşləri keçirdikdən sonra İvanişvili, baş nazir İrakli Kobaxidze ilə birgə izdihamlı mitinq keçirdi və hakimiyyət tərəfdarlarının müxalifəti üstələdiyini göstərdi. Böyük ehtimalla radikalları və kilsəni susdurmaq üçün Paşinyan da İrəvanın mərkəzi teatr meydanında mitinqə üstünlük verəcək”.
Siyasi şərhçi Asif Nərimanlının fikrincə isə Paşinyanın “Tavuş hərəkatı”na rəhbərlik edən erməni keşiş Baqrat Qalstyanın İrəvandakı mitinqdə irəli sürdüyü “istefa tələbinə” əməl etməyəcəyi bəllidir. Baqratın ətrafına toplaşanlar da Nikolu “taxtından endirmək” potensialından hələki uzaqdır:
“Lakin aksiya uzunmüddətli olarsa (Baqrat 7-10 gün davam edə biləcəklərini deyir) “qartopu” effekti yaratması riskləri də var, bu baxımdan, Paşinyanın əks həmləsinin iki istiqamətdə olacağı gözləniləndir:
– həm tərəfdarlarını hərəkətə keçirə, “əzələ nümayişi” edə bilər: bu, təkcə mitinqə qarşı yox, onun arxasındakı qüvvələrə mesaj xarakteri daşıyır;
– həm də inzibati resursları işə salacaq: aksiyaya böyüməsinin qarşısını müxtəlif yollarla ala, xüsusilə bölgələrdən qatılmaları məhdudlaşdıra bilər;
Aksiyanın böyümə tempi nəzarətdən çıxmadığı müddətdə “demokratik” imicini qorumaq və oponentlərinin nəyə “qadir” olduğunu göstərmək məqsədilə birbaşa güc tətbiqindən çəkinəcəyi ehtimalı daha çoxdur.
Baş verənlərdə ən maraqlı məqam isə Baqratın hərəkatının siyasi korparasiya xarakteri daşımasıdır. Bu korporasiyada təkcə Rusiyanın yox, Qərbdə də müəyyən qüvvələrin iştirakı görünür”.
Nigar