“Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində memorandum Türkiyə silahlı qüvvələrinin İraq ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutmur”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının dezinformasiyaya qarşı mübarizə mərkəzinin müraciətində qeyd olunub.
“Bəzi kütləvi informasiya vasitələrinin İraqla Türkiyə arasında imzalanan müqavilənin Türkiyə silahlı qüvvələrinin İraqda mövcudluğunu dayandırmaq məqsədi daşıdığı barədə iddiaları doğru deyil. Bununla bağlı heç bir müddəa yoxdur.
Memoranduma əsasən, iki ölkə Bağdadda müştərək koordinasiya mərkəzi və Başikada birgə hazırlıq və əməkdaşlıq mərkəzi yaradacaq”, – məlumatda deyilir.
Mərkəzlərin əsas vəzifəsi hər iki ölkənin təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması olacaq. Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi avqustun 22-də jurnalistlərlə keçirdiyi brifinqdə “müqavilənin bəzi kütləvi informasiya vasitələrində dərc olunan mətninin reallığa uyğun olmadığını” və “imzalanan mətndən fərqli olduğunu” bildirib.
Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan memorandumun imzalandığını avqustun 15-də Türkiyə və İraqın xarici işlər nazirlikləri, müdafiə nazirlikləri və kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə Ankarada keçirilən təhlükəsizlik mexanizminin yüksək səviyyəli iclasından sonra elan edib.